Röyadan xeyriyyə çağırışı: Evinin döşəməsi yoxdu, palçığın içində yaşayır - FOTO

20:00 17-12-2019 524

Xəbər verdiyimiz kimi, bloger Tural Yusiflinin Qazax rayonun Quşçu Ayrım kəndində çəkdiyi və evinin təmirə ehtiyacı olduğunu deyən 75 yaşlı Əsmər Cəfərovanın evinin təmir xərclərini Xalq artisti Röya öz üzərinə götürüb.  

HerGun.Az xəbər verir ki, Xalq artisti Röya Ayxan videonu gördükdən sonra həmin bölgəyə yola düşüb. 

Sənətçi Əsmər xanımın evində aparılacaq təmir və bərpa xərclərini öz üzərinə götürdüyü haqda mətbuata açıqlama verib:  

“Mərdcəsinə kömək istəyən insanlardan xoşum gəlir. Videonu izləyərkən qadının danışıqlarını sevdim, qərara aldım ki, onunla görüşüm. Təəssüratlarım böyük və gözəldir. Qazaxa getdik, Əsmər xanıma dedim ki, iki oğul böyütmüsən, biri əsgərdir, digəri şəhid. Bizə düşən odur ki, xanımın o şəraitdə yaşamasına icazə verməyək. İnanırsız, evin döşəməsi yoxdur, palçığın içində yaşayır.  

Gücüm çatan hər şeyi öhdəmə götürdüm. Hər kəsdən rica edərdim, xüsusilə icra başçılarından. Rəhbər olduqları rayonlara diqqət yetirsinlər. Elə ailələr var ki, işləyir, dolanışlarını təmin edə bilir. Amma istərdim ki, bu cür yaşlı insanların yaşayışına diqqət yetirsinlər. Burada çətin bir şey yoxdur. Mənim bir-iki toyumun puludursa, onlar üçün heç nədir. Bunu tək mən etdim, amma başqaları da var. Bayram günü hamını sevindirin”.  

Rəşad Əliyev