Pan-erməni oyunları Yerevanın danışıqlarda iştirak etmək istəmədiyini göstərir - ŞƏRH

18:00 04-07-2019 674

Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində pan-erməni oyunlarını təşkil etməsi Yerevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə konstruktiv danışıqlara hazır olmadığını və bundan boyun qaçırdığını bütün dünyaya əyani şəkildə nümayiş etdirir.

Bunu HerGun.Az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Avqustun 5-17-də Dağlıq Qarabağda VII pan-erməni oyunlarının keçirilməsi planını şərh edən millət vəkilinin sözlərinə görə, Ermənistan pan-erməni oyunlarını Xankəndidə keçirməklə beynəlxalq hüquqa etinasızlığını nümayiş etdirir:

“Bu oyunların işğal olunmuş ərazilərdə təşkili növbəti dəfə işğal faktı ilə lovğalanmağa yönəlib və Yerevanın problemin həlli üzrə sülh danışıqları prosesində iştirak etməmək istəyini açıq şəkildə göstərir”.

Milli Məclisin deputatı Araz Əlizadə isə bildirib ki, pan-erməni oyunlarının işğal edilmiş ərazilərdə təşkili açıq təxribatdır.

O, Azərbaycanın rəsmi strukturlarını Ermənistan tərəfinin belə addımına qarşı qəti etirazla çıxış etməyə çağırıb:

“İran səfirliyi bu günlərdə rəsmi bəyanat verərək öz idmançılarının Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən yarışda guya iştirak etməsinə dair yayılan məlumatları təkzib edib. Tehranın bu addımı başa düşüləndir. İran bizimlə dost, tərəfdaşlıq münasibətləri istəyir. Oyunlarda iştirak edənlərə gəlincə, onların hamısı Azərbaycanda arzuolunmaz şəxs elan ediləcək və Xarici İşlər Nazirliyinin müvafiq “qara siyahı”sına salınacaq”.

Hər iki millət vəkili YUNESKO baş direktorunun müavini Ernesto Ottone Ramiresin işğal edilmiş Azərbaycan torpaqlarında təşkilatın ekspertlərinin qiymətləndirmə missiyasını həyata keçirmək üçün Ermənistan-Azərbaycan münaqişəsi tərəflərinin təhlükəsizliyi təmin etməsinə və xoş məram nümayiş etdirməsinə dair bəyanatına da münasibət bildiriblər.

A.Mollazadə diqqətə çatdırıb ki, Ermənistanın təcavüzkar siyasəti beynəlxalq təşkilatların işğal edilmiş ərazilərdə belə qiymətləndirmə missiyalarını keçirməyə maneə törədir:

“Yerevan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində mədəniyyət və və tarixi abidələrə qarşı törətdikləri cinayətləri ört-basdır etmək üçün bu cür təşəbbüslərin reallaşdırılmasından həmişə imtina edirlər”.

A.Əlizadə isə qeyd edib ki, Ermənistanın işğal edilmiş torpaqlarımızda beynəlxalq təşkilatlara qiymətləndirmə missiyalarını keçirməyə icazə verməməsi Yerevanın BMT-yə vurduğu şillə anlamına gəlir:

“YUNESKO baş direktorunun müavini Bakıdakı mətbuat konfransında təşkilatın ekspertlərinin Dağlıq Qarabağda qiymətləndirmə missiyasını həyata keçirmək üçün Ermənistan-Azərbaycan münaqişəsi tərəflərini təhlükəsizliyi təmin etməyə və xoş məram nümayiş etdirməyə çağıranda mən də öz növbəmdə, BMT Təhlükəsizlik Şurasını Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri üzrə qəbul edilən 4 qətnamənin müddəalarını reallaşdırmağı təmin etməyə çağırmaq istərdim”.

Onun sözlərinə görə, Ermənistan bu cür imtinalarla beynəlxalq ictimaiyyətə qarşı etinasızlığını nümayiş etdirir:

“Lakin, görünür, beynəlxalq ictimaiyyət məhz belə münasibətə layiqdir, çünki beynəlxalq hüququn təmin edilməsi ilə bağlı məsələlərdə ikili standartların tərəfdarıdır”.

Rasim Babayev