Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri ilə bağlı normativ-hüquqi aktlara dəyişiklik edilib

22:20 29-12-2019 638

Nazirlər Kabineti “Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 2001-ci il 4 yanvar tarixli 2 nömrəli Qərarda dəyişiklik edib.

HerGun.Az-ın verdiyi məlumata görə, bununla bağlı Baş Nazir Əli Əsədov Qərar imzalayıb.

Qərar “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 3 may tarixli 1582-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərarla “Azərbaycan Respublikasının təbiət parklarının ümumi Əsasnaməsi”nə aşağıdakı məzmunda 5.6-5.9-cu bəndlər əlavə edilib.

Dəyişikliyə əsasən, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Bu Əsasnamənin 5.6-cı bəndində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir.

Bu Əsasnamənin 5.6-cı bəndində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Bu Əsasnamənin 5.6-cı bəndində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll olunur.