“Qarabağ müharibəsi veteranı” adı verilməsi vədi ilə dələduzluq edənlərin məhkəməsi başladı

02:00 30-12-2019 115

Saxta əlillik dərəcəsi verilməsi və digər vədlərlə vətəndaşlara qarşı dələduzluqda və rüşvətə təhrikdə təqsirləndirilən Bəxtiyar İsmayılov və Mənzər Nəzərəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

HerGun.Az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası 2020-ci ilin yanvar ayının 10-na təyin edilib.

Qeyd edək ki, cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılovun ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməkdə təqsirləndirlir.

Aparılan araşdırmalarla qeyd edilən xüsusatlarla yanaşı, B.İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşları vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək, ümumilikdə, 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, bununla da başqalarını rüşvət verməyə təhrik etməsi də müyyən edilib.

Bundan başqa, istintaq zamanı B.İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün, ümumilikdə, 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə B.İsmayılova Cinayət Məcələsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.2.2 (təkrarən dələduzluq törətməyə cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətməyə cəhd), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri, M.Nəzərəliyevaya isə 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilib.