Bu ölkədə günəşdən qoruyucu kremlərə qadağa qoyuldu

05:20 02-01-2020 422

Sakit okeanda yerləşən Palau Respublikası  günəşdən qoruyucu kremlərə qadağa qoyan ilk ölkə oldu.

BBC-nin məlumatına əsasən, yanvarın 1-dən etibarən tərkibində oksibenzon da daxil olmaqla, standart inqrediyentlər olan günəşdən qoruyucu kremlərin ölkədə istifadəsi və satışına qadağa qoyulub.

“Bu kremlər mərcanlar və dəniz canlıları üçün təhlükəlidir. Biz ətraf mühitə hörmətlə yanaşmalıyıq. Çünki ətraf mühit həyat mənbəyimizdir”, - deyə Palaunun prezidenti  Tomas Remenhesau bildirib.

Ada dövləti dalğıclar üçün “cənnət məkanı” sayılır.  Palaudakı Rok-Aylend laqunu YUNESKO-nun Ümumdünya İrs siyahısına daxildir. Ölkənin əhalisinin sayı yüzlərlə adada yaşayan 20 000 nəfərə yaxındır.