Binəqədidə görünməmiş cinayət: Evdən oğurluq edib sonra da yandırdılar

19:00 06-01-2020 548

Binəqədi rayonunda baş verən güclü yanğınla bağlı bəzi təfərrüatlar ortaya çıxıb. 

BakuPost xəbər verir ki, külə dönən 4 otaqlı evə əvvəlcə oğrular girib, evdə daşına biləcək bütün əşyalar aparılıb, sonra isə yandırılıb. 

Həmin vaxt evin sahibləri kənarda, qohumlarıgildə olublar. Yanğın başlayandan sonra qonşular Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Lakin yolların ensiz olmasına görə yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev külə dönüb. 

Evin sahibi Qalib Məmmədov BakuPost-a açıqlamasında bildirib ki, evə pəncərənin dəmir barmaqlıqlarını kəsərək giriblər:  

“Pəncərədən nə çıxarmaq mümkündürsə, hər şeyi aparıblar. Hətta otaqlardakı kombi radiatorlarını da. Görünür, kimdirsə, bizim evdə olmadığımızı biliblər və gəlib rahat şəkildə bütün əşyaları oğurlayıblar. Sonra da od vurublar”. 

Maddi cəhətdən imkansız, dörd nəfərdən ibarət ailə hazırda küçələrdə qalıb. Onların sığına biləcək başqa bir mənzilləri yoxdur. 

Hadisə Binəqədi polisi tərəfindən araşdırılır.