15 ayda 526 nəfəri öldürən “kabus”: “Boeing 737” - FOTO

14:40 08-01-2020 421

“Boeing 737” markalı təyyarələr son üç ildə baş vermiş ən dəhşətli aviasiya qəzalarının mərkəzində dayanır.

HerGun.Az xəbər verir ki, Tehran yaxınlığında Ukrayna aviaşirkətinə məxsus  “Boeing 737” sərnişin təyyarəsinin qəzaya uğraması sözügedən modellərin son üç ildə, daha dəqiq desək, 2018-ci ilin oktyabrından bu günə qədər ötən 15 ayda səbəb olduğu üçüncü dəhşətli fəlakətdir.

İran KİV-nin məlumatına görə, Tehran yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 180 sərnişin olub. Dəhşətli qəza nəticəsində sərnişin və heyət üzvləri arasında sağ qalan olmayıb.

“Boeing”in artıq sərnişinlərin kabusuna çevrilən modelinin 15 ayda üçüncü dəfə qəzaya uğraması nəticəsində ümumilikdə 526 nəfər həlak olub:

2018-ci il oktyabrın 29-da İndoneziyada baş verən qəzada 189 nəfər dünyasını dəyişib.

2019-cu ilin martında Efiopiyadan Keniyaya uçan təyyarə qəzasında isə 157 nəfər həyatını itirib.

Daha əvvəl baş vermiş təyyarə qəzaları “Boeing”lə bağlı bütün dünyada ciddi narahatlıqlara səbəb olub. Qəzadan sonra Avropa Birliyi hava məkanını bu təyyarələr üçün bağlı elan edib. Çin, Efiopiya, Qazaxıstan, Yeni Zelandiya, Fici – ümumilikdə dünyanın 40-dan artıq ölkəsi təyyarənin istifadəsini müvəqqəti olaraq qadağan edib.

Qəzanın səbəbləri ilə bağlı bir çox versiyalar önə çıxarılıb. Bunlardan ən nəzərəçarpanı isə “Boeing 737 MAKS” təyyarələrinin pilotlarının təyyarənin xüsusiyyətləri ilə bağlı düzgün məlumatlandırılmaması olub. Belə ki, bir çox pilotun yeni modeli idarə etməyi iPad planşetləri vasitəsilə öyrəndiyi qeyd olunub. Əksər hallarda pilotlar uçuşu təqlid edən bahalı simulyatorlarda saatlarla məşq etməklə yeni funksiyaları öyrənirlər. Lakin ABŞ Mülki Aviasiya İdarəsi və “Boinq” şirkəti belə bir cihazın yaradılması üçün zərurət görməyib, sadəcə pilotların mümkün problemlər barədə məlumatlandırılması ilə kifayətlənib.