Daha 20 min suriyalı Türkiyə sərhədinə tərəf qaçdı

06:40 10-01-2020 381

Suriyanın hökumət qüvvələrinin aramsız hücumları nəticəsində daha 20 min suriyalı İdlib bölgəsindən Türkiyə sərhədinə doğru hərəkət edib.

“Anadolu” xəbər verir ki, bu haqda suriyalı hüquq müdafiəçiləri məlumat veriblər.

Beləliklə, ötən ilin noyabrından indiyə kimi İdlibdən qaçan insanların sayı 379 min 523 nəfərə çatıb.

Qaçqınların əksəriyyəti həmsərhəd ərazilərdə, Türkiyə qoşunlarının həyata keçirdiyi əməliyyatları əhatə edən bölgələrdə məskan salıb.

Müxalifət tərəfdarları hesab edirlər ki, növbəti zərbələr İdlibin Cabel-az-Zaviya rayonundan 250 min insanın miqrasiyasına səbəb ola bilər.  

Bölgədə çadırların və humanitar yardımın çatışmamazlığı müşahidə edilir.

BMT-nin məlumatına əsasən, Suriyada 2011-ci ildən davam edən vətəndaş müharibəsi 5,6 milyon insanın qaçqın, 6,6 milyon insanın isə məcburi köçkün olmasına gətirib çıxarıb.