Hidayət Heydərov: Bayraqdar olmaq istəmədim

15:18 06-07-2019 627

İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasının açılış mərasimində bayrağımızı daşıyan idmançının təcrübəsiz cüdoçu Murad Fətiyevin olması birmənalı qarşılanmayıb.

HerGun.Az xəbər verir ki, Murad gənclər arasında Avropa çempionatının gümüş və bürünc mükafatçısı olmaqdan başqa, böyüklər arasında Avropa Kubokunun qalibi olub.

Ancaq Avropa Kuboku cüdoda o qədər də yüksək səviyyəli turnir sayılmır. Nəticə isə göz qabağındadır. 81 kq çəki dərəcəsində yarışan Murad Fətiyev elə ilk görüşdə niderlandlı Yim Heymana uduzaraq mübarizəni dayandırıb.

Halbuki açılış mərasiminə qatılan idmançılarımızdan bayraqdar olmağa əsas namizəd Hidayət Heydərov idi. Böyüklərin Avropa çempionu, elə Minskdə keçirilmiş II Avropa Oyunlarında bürünc medal qazanmış Hidayət bayrağımızı daşımalı idi.

Bəs niyə belə qərar verilib?

Hidayət Heydərov HerGun.Az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib:

“Bayraqdar olmaq mənə deyilmişdi. Özüm olmaq istəmədim. Çünki mən ötən ay Minskdə də açılış mərasimində iştirak etmişdim. Yorğunluq olur. İki gün sonra döyüşüm var idi deyə heç açılış mərasimində yürüşdə də iştirak etmədim”.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov dünən gümüş medala yiyələnməklə Azərbaycana Universiadada ilk medalı qazandırıb.

Səbuhi Musayev