Azərbaycanlı futbolçu erməni ilə dostdur, saçlarını birgə kəsdirir - FOTO

17:20 15-01-2020 958

Azərbaycanlı futbolçu Renat Dadaşov Almaniyada yaşayan erməni repçi Levo ilə dostluğunu davam etdirir.

HerGun.Az-ın xəbərinə görə, o, əsl adı Levon olduğu ehtimal edilən Levo və Eno adlı repçilərlə şəklini “Instagram” hesabındakı “Story” bölməsində paylaşıb.

Belə ki, bu üçlük Almaniyanın Visbaden şəhərində fəaliyyət göstərən bərbər salonlarından birində saçlarını düzəldiblər və şəkil çəkdiriblər. Həmin salon isə öz “Instagram” hesabında bu şəkli paylaşıb. Renat isə məhz bu şəkli öz həyat hekayəsi bölümündə paylaşmaqdan çəkinməyib.

Eno – Levo dueti Almaniyanın müxtəlif şəhərlərində konsertlər verir. Levo isə həm “Instagram”, həm də “Facebook” hesabında erməni olduğunu qürurla bildirir, Ermənistanın baş naziri Nikol Paşinyanın şəkillərini paylaşır.

Belə olduğu halda, Azərbaycan bayrağını üzərində daşıyan yığmamızın futbolçusunun müharibə vəziyyətində olan bir ölkənin millətinin nümayəndəsi ilə şəklini paylaşmaqdan çəkinməməsi qəbuledilməz haldır.

Əslində, Renatın Levo ilə dostluğu 2018-ci ildən bəllidir. Belə ki, Levo artıq bağlanmış köhnə “Instagram” hesabında Paşinyanın şəklini paylaşmış və Renat isə həmin şəkli “layk” etmişdi. Sonradan Azərbaycan mətbuatında bu xəbər çıxınca, Dadaşov “layk”ını geri götürmüş və qərarını belə izah etmişdi:

“Mən heç onun kim olduğunu bilmirdim. Hətta nə etdiyimi və bu “layk”ın necə yarandığını bilmədim. Bizim (Almaniyada) beynəlmiləl məktəbimiz olub və orda almanlar, türklər, ruslar, ermənilər və digər millətlərin nümayəndələri birlikdə oxuyub.

Bizim ümumi dostlarımız olub. Almaniyada biz millətlərə görə bölünmürdük... Bu foto may ayında sosial şəbəkəyə qoyulub. “Layk”ım isə təsadüfən olub, mən bunu etməməli idim. Mən bu münaqişənin tarixini yaxşı bilirəm və bunu yaxşı anlayıram”.

Elə həmin il Renat Dadaşovun milli ilə Mərdəkandakı təlim-məşq bazasında olarkən paylaşdığı şəkil söz-söhbətə səbəb olmuşdu. Belə ki, azərbaycanlı izləyicilər üzərindəki boyunbağıya görə Dadaşovu xristian olmaqda suçlamışdı.

Qeyd edək ki, yaxınlarda millimizin Almaniyada yaşayan digər futbolçusu, milliyyətcə əslən Qazaxıstan olan Dmitri Nəzərovun bərbərinin Ovik Manukyan adlı erməni olduğu üzə çıxmışdı.

Səbuhi Musayev