Azərbaycanda ağır qəza: Sürücü yanaraq öldü

10:20 20-01-2020 488

Lənkəranda Rusiya və Azərbaycana məxsus yük maşınlarının toqquşması nəticəsində sürücülərdən biri ölüb.

Report-un xəbərinə görə, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 196-cı km-də, Lənkəran rayonunun Girdəni kəndindən keçən ərazisində baş verib.

Belə ki, Rusiya Federasiyasına məxsus qoşqulu yük maşını - TIR və Qazel markalı yük maşınları toqquşub. Nəticədə, Cəlilabad rayon sakininin (şəxsiyyəti məlum deyil) idarə etdiyi “Qazel“ markalı yük maşını alışıb.

İçərisində taxıl dolu yük olduğundan yük maşını sürətlə alovlanıb. Yük maşınında sərnişin olan Cəlilabad rayon Alar kənd sakini 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov xəsarət alıb.

Hadisə yerinə FHN-in xilasetmə briqadası və Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb edilib. Yanaraq ölmüş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin isə TTSTY-nin “113” xidməti maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.