Hafiz Paşayev: Azərbaycan diplomatiyası uzun və çətin yol qət edib

12:00 08-07-2019 577

Azərbaycan diplomatiyası bugünkü səviyyəyə çatana kimi uzun və çətin yol qət edib.

HerGun.Az xəbər verir ki, bunu ADA Universitetinin rektoru, Xarici İşlər nazirinin müavini Hafiz Paşayev ali təhsil müəssisəsində “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Bu il biz tarixi 9 iyul 1919-cu ildən başlayan Azərbaycan diplomatiyasının 100 illiyini qeyd edirik.

İlk diplomatımız Topçubaşov, Azərbaycanın beynəlxalq arenada tanınmasına böyük töhfələr verib. O zaman Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak edirdi. Diplomatlarımız Fransa vizasını əldə etmək üçün bir neçə ay İstanbulda yaşamağa məcbur oldular. Azərbaycan diplomatları o vaxt Parisdə ABŞ Prezidenti Uilson ilə görüşüblər. 

AXC tərəfindən irəli sürülən demokratiya, insan hüquqları və müstəqillik prinsipləri ABŞ-da qəbul edilmiş dəyərlərə çox yaxındır”, - H.Paşayev bildirib.

ADA-nın rektoru vurğulayıb ki, diplomatlarımızın Paris Sülh Konfransında iştirakı Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına rəvac verib.

Onun sözlərinə görə, bu gün də Azərbaycan rəhbərliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir:

“Biz hələ də Azərbaycanın beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi tanınması üçün çalışırıq. Heydər Əliyev bu işə qiymətli töhfə verib”.

H.Paşayev bildirib ki, onun rəhbərlik etdiyi ADA Universiteti beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edən peşəkar diplomatlar hazırlayır.