Qızıl medal qazanan Azərbaycan karateçisi: Gəlin, tələsməyək

20:20 26-01-2020 445

Şadam ki, yeni ilə yaxşı başlamışam. Çilidə bu ay gümüş medal qazandım. Həmin finaldakı səhvlərim üzərində işlədim. Düzdür, bu dəfə də final düşündüyüm formada getmədi. Amma Fransadan qızıl medalla qayıtmağı bacardım. Arenadan verilən dəstək də mənə çox kömək oldu.

Bunu HerGun.Az-a açıqlamasında Parisdəki Premyer Liqa yarışında qızıl medal qazanan Azərbaycan karateçisi İrina Zaretskaya deyib. O bildirib ki, finalda 3:0 məğlub etdiyi Feryal Abdelazizi yaxşı tanıyır:

“Ötən il misirli rəqibimə Dubayda finalda uduzmuşdum. Amma bu il onu həm Çilidə, həm də Fransada məğlub etdim. Biz bir-birimizi yaxşı tanıyırıq”.

Həmçinin o, Olimpiadaya vəsiqə qazanmağı ilə bağlı verdiyimiz suala bu cür cavab verdi:

“Hələ demək olmaz ki, mən Olimpiadaya vəsiqə qazanmışam. Düzdür, reytinqdə birinci yerdəki yerimi bir qədər də möhkəmlətdim. Amma qarşıda hələ yarışlar var. Ona görə də gəlin, tələsməyək”.

Səbuhi Musayev