Bakıda naməlum şəxslər evə basqın etdi - Ər öldü, arvadı yaralandı

14:27 08-07-2019 9

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Cinayətin qurbanı 1979-cu il təvəllüdlü Sofiyev Araz Knyaz oğlu olub.

Bu barədə HerGun.Az-a Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, iyulun 7-də, saat 03:00-da Yeni Günəşli qəsəbəsində yaşayan A.Sofiyevin evinə iki naməlum şəxs basqın edib. Təqsirləndirilən şəxslərin dediyinə görə, evin sahibinin onlara pul borcu olub. Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə, A.Sofiyev aldığı xəsarətlərdən həyatını itirib.

Naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıblar və evdən çıxarkən A.Sofiyevin həyat yoldaşı Rəna Sofiyevaya da bıçaqla xəsarət yetiriblər. Qadına tibbi yardım göstərilib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Ramella İbrahimxəlilova