Şamaxıda Avropa çempionunu öldürən idman müəllimi həbs edildi

10:20 03-02-2020 490

Şamaxı Rayon Məhkəməsində Avropa çempionunu öldürməkdə təqsirləndirilən Orxan Hacıyev barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

APA-nın məlumatına görə, keçirilən prosesdə Orxan Hacıyev barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.  

Məhkəmədə O.Hacıyev törədiyi əməli etiraf edib.

Xatırladaq ki, hadisə fevralın 1-də gecə saatlarında şəhərin “Yeddi Günbəz” qəbiristanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, O. Hacıyev şübhəli şəxs qismində saxlanlıb.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub.

Orxan Şamaxıda idman müəllimi işləyir. Ölən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.