Vitali Arkov: Paşinyan Qarabağ məsələsindən siyasi gələcələyini xilas etmək üçün istifadə edir

01:40 06-02-2020 433

Son vaxtlar Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında görüşlər daha tez-tez keçirilir və uzun müddət davam edir. Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb bir problemin həllində hər hansı bir formatda, xüsusən də xarici işlər nazirləri səviyyəsində istənilən danışıqlar vacibdir. Lakin yalnız prosesin özü vacib deyil, eyni zamanda nəticə də əldə etmək lazımdır.

Bu sözləri HerGun.Az-a açıqlamasında “PolitRUS” ekspert-analitik mərkəzinin rəhbəri Vitali Arkov deyib.

Arkov ATƏT-in Minsk qrupu həmsədrlərinin və Azərbaycan tərəfinin sülhün bərqərar olmasında və işğal edilmiş torpaqların qaytarılmasında maraqlı olduğunu, erməni tərəfinin isə danışıqlar prosesini yubatmaq üçün bir çox səbəbinin mövcud olduğunu söyləyib.

2020-ci ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində gözləntiləri ilə bağlı sualı cavablandıran ekspert son dövrlərdə dəfələrlə Paşinyanın qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyini öz nəzarətində olan insanlarla dəyişmək niyyətində olduğunu eşitdiyini qeyd edib:

“Məqsəd – regionun Azərbaycanın tərkibinə qaytarılmasına əngəl olan səbəbi aradan qaldırmaqdır. Bakı üçün nikbin – yaxşı, lakin meqafantastik versiyadır.

Dağlıq Qarabağda Paşinyan indi tamamilə fərqli vəzifələri həll edir. O, siyasi gələcəyini xilas etməyə çalışır, çünki bölgə uzun müddət ölkəni idarə edən və bu gün ən güclü və təhlükəli müxalif qüvvə olan erməni siyasətində “Qarabağ klanı” adlandırılan klanın dayağı hesab olunur. Bu klan hətta liderinin - keçmiş prezident Robert Koçaryanın həbsinə və digər keçmiş prezident Serj Sarqsyanın cinayət təqibi altında olmasına baxmayaraq belə də qalır.

İkinci və ən vacib şey. Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının əleyhinə nəinki Koçaryan-Sarqsyan komandasının üzvləri, eyni zamanda Ermənistanın və regionun özünün (Dağlıq Qarabağın erməni icması – red.) sakinləri qarşı çıxır. Bu, uzun illər davam edən təbliğatın nəticəsidir və yalnız Dağlıq Qarabağdakı rəhbər işçiləri əvəzləməklə vəziyyəti dəyişmək mümkün deyil.

Buna baxmayaraq, bu gün həqiqətən də Azərbaycanın işğal olunmuş yeddi rayonunun Bakıya qaytarılması, Ermənistanın blokadasının zəifləməsi və iki ölkənin əhalisini dinc qonşuluğa yaxınlaşdıran layihənin intensivləşməsi barədə həqiqətən danışa bilərik”.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirakı ilə bağlı fikirlərinə münasibət bildirən Vitali Arkov qeyd edib ki, bu, yalnız bölgəni tərk etməyə məcbur edilmiş azərbaycanlıların qayıtmasından sonra mümkün ola bilər.

Rasim Babayev