Nazir pensiya artımının inflyasiyaya təsirindən danışdı

19:00 06-02-2020 342

Bizim hesablamalarımız onu göstərir ki, bu il də ciddi inflyasiya üçün hər hansı bir təhlükə yoxdur.

HerGun.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, infilyasiya idarə oluna bilən şəkildədir:

“Aidiyyəti dövlət qurumları, o cümlədən Mərkəzi Bank tərəfindən sabit saxlanılması üçün müvafiq maliyyə alətlərindən istifadə edilməklə tədbirlər görülür. Ötən il pensiya və əməkhaqqı artan zaman inflyasiya bizim pronozlarımızdan da aşağı səviyyədə oldu. Buna görə də geniş sosial paketin həyata keçirilməsi vətəndaşlarımız üçün ciddi bahalaşma riski yaratmır”.

S.Babayev qeyd edib ki, ötən il orta əməkhaqqı və orta pensiya 15 faiz, sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artıb: 

“Lakin inflyasiya 2,6 faiz olub. Bu, onu göstərir ki, vətəndaşların gəlirləri inflyasiyadan altı dəfədən çox artıb. İnflyasiya təhlükəsi gözləmirik. Hökumət tərəfindən təsdiq edilmiş çərçivə var. O çərçivə daxilində inflyasiyanın saxlanması üçün AMB və adiyyəti dövlət qurumları tərəfindən tədbirlər görüləcək. Mən inanıram ki, bu il də inflyasiyanın qarşısı alınacaq”.

İlhamə Əbülfət