İran Kanadanın milyard dollarlıq istəyini rədd etdi

20:00 11-02-2020 365

Tehran yaxınlığında vurulan Ukrayna təyyarəsinə görə Kanadanın bir milyard dollarlıq iddiasının heç bir əsası yoxdur.

RİA Novosti xəbər verir ki, bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

O əlavə edib ki, İran beynəlxalq qaydalar əsasında lazımi tədbirləri görür.

Daha əvvəl məlum olmuşdu ki, Kanadada hüquqşünaslar Tehranda vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə ilə bağlı İran hökumətindən 1.5 milyard Kanada dolları (təxminən, 1.95 milyard AZN) tələb edib.

Əsas iddiaçının adı açıqlanmayıb. Hüquqşünasların sözlərinə görə, onun ailəsi İrandadır və hökumət tərəfindən təqib oluna bilər. Məhkəmədə cavabdeh tərəflər İran hökuməti, İranın Ali dini lideri Ayətullah Əli Xameneyi, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandirləridir.

Xatırladaq ki, yanvarın 8-də MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulub. Hadisə vaxtı 176 nəfər həlak olub. Onlardan 63-ü Kanada vətəndaşı olub. İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf edib.