Qənirə Paşayevadan spiker olacağı ilə bağlı xəbərlərə daha bir REAKSİYA

15:40 14-02-2020 527

Milli Məclisə növbədənkənar seçkilərdə 105 saylı Tovuz Seçki Dairəsinin lider namizədi Qənirə Paşayeva parlamentin spikeri olacağı ilə bağlı iddialara münasibət bildirib.

HerGun.Az-ın məlumatına görə, Q.Paşayeva “Facebook” hesabında yazıb ki, yayılan xəbərlər əsassızdır.

“Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir. Hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır. mən isə bitərəfəm”, - deyə o əlavə edib.

O bildirib ki, Milli Məclisin yeni tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq.

“Xahiş edirəm əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm”.

Qeyd edək ki, Q.Paşayeva fevralın 13-də HerGun.Az-a açıqlamasında da haqqında yazılanların doğru olmadığını bildirmişdi.

Aqşin Kərimov