İki il hamı onu rahibə kimi tanıdı, amma əslində...

02:00 18-02-2020 362

İtaliyada polisdən gizlənmək üçün iki il rahibə qiyafəsində gəzən qadın saxlanılıb. Bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilir ki, fırıldaqçılıqda şübhəli bilinən 47 yaşlı qadın 2017-ci ilin sonunda Siciliya məhkəməsi tərəfindən təqsirli bilinib və barəsində qiyabi olaraq iki il həbs cəzası hökmü çıxarılıb.

Fırıldaqçı axtarış siyahısına salınıb, ancaq o, Siciliyadan qaçmağı bacarıb: İtaliyanın şimalına köçüb, özünü rahibə kimi tanıdaraq əvvəlcə Pyemont, sonra da Lombardiya monastırlarında gizlənib.

Qadın monastırların birində özünü iqumen-ana kimi tanıdıb, digərində isə orada yaşayan rahibənin bacısı kimi təqdim edib.

Fevralın əvvəlində o, Qallarate şəhərindəki Benedikt monastırına keçmək istəyib. Lakin onun hekayələrindəki ziddiyyətlər rahibələrin diqqətini çəkib, bu səbəbdən onlar polisə müraciət ediblər. Qadın polisin suallarına həvəslə cavab versə də, tərcümeyi-halının ən sadə təfərrüatlarında çaşıb. Sonra ondan oğurlanmış sənədlər tapılıb.

Fırıldaqçı polis bölməsinə aparılıb, orada onun həbsdən yayındığı müəyyənləşdirilib. Özünü başqa şəxs kimi tanıtdığı üçün “rahibə”ni əlavə ittiham gözləyir.