“Dava edən” azarkeşlərdən polisə doğum günü sürprizi - VİDEO

18:20 19-02-2020 654

Türkiyənin futbol üzrə ikinci liqasında mübarizə aparan “AFJET Afyonspor” klubunun azarkeşləri stadionda xidmət aparan polisə sürpriz hazırlayıblar.

Bu barədə Haberler.com məlumat yayıb.

Çempionatın 23-cü turunda “1922 Konyaspor”u qonaq edən komandanın azarkeşləri polis əməkdaşı Engin Çakının doğum günü olduğunu öyrəndikdən sonra ona sürpriz hazırlamağa qərar veriblər.

Azarkeşlər niyyətləri barədə stadiondakı digər polisləri də məlumatlandırıblar.

Qarşılaşmanın ilk hissəsinin başa çatmasından sonra - fasilədə “AFJET Afyonspor” azarkeşləri özlərini guya dava edirmiş kimi göstəriblər. Vəziyyətə müdaxilə etmək üçün azarkeşlərin arasına girən polis əməkdaşı Engin Çakına bu zaman sürpriz edilib.

Azarkeşlər Engin Çakın aralarına daxil olan kimi ona “Ad günün mübarək” şüarını səsləndiriblər.

Komanda azarkeşləri polis üçün tort hazırlamağı da unutmayıblar. Tortun üzərindəki şamları üfürən polis əməkdaşı azarkeşlərə təşəkkür edib.