Nihat Kahveci: “Bakıya Kovaçeviçi gətirə bilərəm”

15:20 22-02-2020 76

“Bu gün Bakıya gəlmişəm. Burada həm futbolçu kimi, həm də ötən il Avropa Liqasının finalında veteran oyunçu kimi olmuşam”. 

HerGun.Az xəbər verir ki, bunu Türkiyə millisinin əfsanəvi futbolçusu Nihat Kahveci deyib.

O, Bakıda keçiriləcək Fərdi İnkişaf Zirvəsi çərçivəsində seminar deyəcək. Nihat Kahveci burda Avro-2020 üçün yenidən ulduzlar oyununda iştirak etmək istədiyini bildirib:

“Darko Kovaçeviçlə “Real Sosyedad”la tandemimiz məşhurdur. Sevinirəm ki, Azərbaycanda bu cütlüyü yaxşı xatırlayırlar. Kovaçeviçlə münasibətlərim qalır. O indi Yunanıstanda işləyir. Ötən il olduğu kimi, bu il də Avropa çempionatının ulduzlar oyunu ilə bağlı dəvət alsam, onu da bura çağıra bilərəm. O, özü də burda iştirak etməkdən zövq alar.

Bakıda 68 minlik stadionda Türkiyə millisi oynayacaq. Azərbaycanda oynayacağımızı eşitdikdə çox sevindik. Çünki xaricdə yox, öz meydanımızda oynayacağıq. Qismət olsa, Avro-2020 oyunları üçün də Bakıya gələrəm.

Maykl Esyen də mənimlə birgə Bakıya gəldi. Amma o qaldı. Görünür, o, Bakını, buranın xörəklərinin dadını bəyəndi ki, burda oynamağa qərar verdi. Amma 40 yaşım var deyə, mən indi oynamaq yox, məşqçi kimi işləmək barədə düşünərəm.

Millinizin baş məşqçisi postunun boş olduğunu bilirəm. Azərbaycan millisi çox yaxşı komandadır, niyə də təklif olsa dəyərləndirməyim ki?! Abdullah Avcı təcrübəli məşqçidir. Onun da uğurlu və uğursuz dönəmi oldu. Amma Azərbaycan millisinə gəlsə, uğur qazana bilər”.

Səbuhi Musayev