Sarqsyan parlamentdə cavab verəcək - Aprel döyüşlərində məğlubiyyətə görə

13:36 10-07-2019 767

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Qarabağda 2016-cı ilin aprel döyüşləri barədə məlumat vermək üçün ölkə parlamentinə dəvət ediləcək.

Ermənistan mətbuatı yazır ki, ölkə parlamentində dörd günlük döyüşlərin təfərrüatının öyrənilməsi üzrə istintaq komissiyasının iclası keçirilib.

Komissiya qısa müddət ərzində parlamentə gəlməli olan şəxslərin siyahısını artıq Müdafiə Nazirliyinə göndərib. Onların arasında S.Sarqsyan da var.

Erməni deputatlar məlumat vermələri üçün Qarabağ separatçılarını çağırmağı da planlaşdırırlar.

Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb.

Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər, strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi ələ keçirilib.

Dördgünlük döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.