Rafiz Həsənov finalda, Rafael Ağayev şansını Bakıya saxladı

23:20 28-02-2020 427

Avstriyanın Zalsburq şəhərində Karate1 Premyer Liqa turnirinə start verilib.  

HerGun.Az xəbər verir ki, yarışın ilk günü kumite çıxılşarında Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımova (-55 kq) mübarizə aparıb.  

Bu idmançılardan yalnız biri medal qazanıb. Həmin karateçi ən azı gümüş medalı özünə təmin etmiş Rafiz Həsənovdur.  

Cari mövsümün ilk iki Premyer Liqa yarışında bürünc medal qazanmış Rafiz Həsənov bu dəfə finala yüksəlib. O, Mussa Bexultanı (Qazaxıstan) 10:2, Devid Nquyeni (Belarus) 2:0, Tomas Kazereri (Avstriya) 5:0 və Burak Uyquru (Türkiyə) 6:2 hesabı ilə yenərək finalda iştirak hüququ əldə edib.  

Onun final görüşü 2015-ci ilin Avropa çempionu və II Avropa Oyunlarının qalibi Luka Mareskaya qarşı olacaq. Həlledici döyüş martın 1-də baş tutacaq.  

Üç qələbə ilə Tokio Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etməli olan Rafael Ağayev isə bu işin öhdəsindən gələ bilməyib. Belə ki, beşqat dünya çempionumuz Qleb Saçkovskini (Belarus) və Dastanbəy Atabalayevi (Qazaxıstan) mübarizədən kənarlaşdırsa da, Ərman Eltemura (Türkiyə) 3:4 hesabı ilə uduzub. Eltemur isə yarımfinalda uduzduğundan, Rafaelin bu yarışdan medal qazanmaq şansı qalmayıb. Tanınmış idmançımız Olimpiada şansını martda Bakıda keçiriləcək 55-ci Avropa çempionatına saxlayıb.  

Qeyd edək ki, mövsümün üçüncü mərhələsində ümumilikdə 14 karateçimiz mübarizə aparır.  

Səbuhi Musayev