Albaniyada oynamış azərbaycanlı futbolçu: “Qarabağ” “Partizani”dən üstündür

18:09 10-07-2019 611

Albaniyada oynamağımın üstündən iki il keçdiyindən, “Partizani”nin indiki heyətindən xəbərim yoxdur. Amma onu deyə bilərəm ki, “Partizani” Tirananın iki ən yaxşı komandasından biri hesab edilir. Yaxşı azarkeşləri var.

Bunu HerGun.Az-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev deyib.

2017/2018 mövsümündə altı ay Albaniyanın “Kukesi” klubunda çıxış etmiş hücumçu hazırda “Neftçi”də çıxış edir. Bakı klubu ilə Moldovada səfərdə olan Rauf Əliyev bu gün UEFA Çempionlar Liqasında “Qarabağ”ın qarşılaşacağı “Partizani”yə qarşı oynadığını bildirib. O qeyd edib ki, həmin vaxt Tirana klubu zəif çıxış edirdi: 

“Partizani” həmişə iddialı olub. Amma mən oynadığım vaxt bu komanda zəif çıxış edirdi. Orta sıralarda qərarlaşmışdı. Səhv etmirənsə, bu komandaya qol vurmamışam. Amma düşünürəm ki, “Qarabağ” bu komandadan üstündür. Turu keçən komandanın da “Qarabağ” olacağını fikirləşirəm”.

Qeyd edək ki, “Qarabağ” bu gün Bakı vaxtı ilə saat 19:30-da “Partizani” ilə qarşılaşacaq. 

Səbuhi MUSAYEV