Yaşar Bəşirov: “Heç kim bizə Mərakeşdəki yarışın ləğvi ilə bağlı məlumat verməyib”

19:40 04-03-2020 443

6-8 mart tarixlərində Mərakeşin paytaxtı Rabatda keçirilməli olan və Olimpiadaya lisenziya xalları qazandıran cüdo üzrə Qran Pri ləğv olunub.  

HerGun.Az xəbər verir ki, bu barədə Mərakeş hökuməti qərar verib və məlumat Beynəlxalq Cüdo Federasiyasına (IJF) yerli vaxtla saat 15:00-da çatdırılıb.  

Bu qərara səbəb Mərakeş ərazisində koronavirus infeksiyasının yayılması və ondan qorunmaq cəhdləridir. Hökumət qərarında ölkədəki bütün idman yarışlarının, sərgilərin və kütləvi toplantıların ləğv edildiyini və ya təxirə salındığını bildirib.  

Bununla belə, 13-15 mart tarixlərində Mərakeşin paytaxtında karate üzrə Olimpiadaya lisenziya xalları qazandıran Premyer Liqa yarışı ləğv olunmayıb və ya təxirə salınmayıb.  

İlkin göstəricidə 11 idmançımız həmin yarış üçün qeydiyyatdan keçirilib. Bəs Azərbaycan Milli Karate Federasiyasına həmin yarışın ləğvi və ya təxirə salınması ilə bağlı məlumat verilibmi?  

Federasiyanın prezidenti Yaşar Bəşirov bu barədə sualımızı cavablandırdı:  

“Bizim federasiyasiya WKF (Ümumdünya Karate Federasiyası) tərəfindən belə bir məlumat daxil olmayıb. İnanmıram ki, Premyer Liqa yarışı ləğv olunsun və ya təxirə salınsın. Biz orda yeddi idmançı ilə təmsil olunmağı planlaşdırmışıq. Hər idmançının qeydiyyatı üçün 75 avro ödənilib, Rabatda hotel bron etmişik. Hər halda, belə bir məlumat nə Mərakeş Karate Federasiyası tərəfindən, nə də WKF tərəfindən bizə verilib”.  

Qeyd edək ki, IJF Rabat Qran Prisi ilə bağlı fors-major hal olduğunu nəzərə alaraq, 13-15 mart tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək Böyük Dəbilqə turnirinin qeydiyyatını martın 12-si gecə saat 12-dək uzadıb.  

Səbuhi Musayev