Rəsulzadənin həyatının son illəri: “Vətən qoxusu gəlir artıq, halal olsun çəkdiklərimiz...” - FOTO

14:00 06-03-2020 42

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

HerGun.Az bu münasibətlə araşdırmaçı-jurnalist Dilqəm Əhmədin M.Ə.Rəsulzadənin həyatının son dönəmlərinə həsr olunmuş məqaləsini təqdim edir:

İkinci Dünya Müharibəsi bitdikdən sonra 15 ildir Avropada mühacir həyatı yaşayan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə yenidən Türkiyəyə qayıtmaq istəyir. 1946-cı il avqustun 5-də Mittenvald düşərgəsindən türk hərbçi, Rumıniyada dostlaşdığı Kənan Qocatürkə göndərdiyi məktubda açıq şəkildə müharibədən sonrakı acınacaqlı şəraiti haqqında yazır:

“Doğrusu, bu qışı da əmniyyətsizlik, işsizlik, mühitsizlik və evsizlik hissinin əzici basqısı altında keçirmək təsəvvürü qarşısında qorxu duyuruq. Nəhayət, öz mühitimizdə, öz işimiz və əməyimizlə yaşamaq və çalışmaq imkanı əldə edə bilməyəcəyikmi?!”

Türkiyəyə ilk dəfə 1911-ci ildə Çar hökumətinin təzyiqindən sonra gəlmişdi. Əvvəlcə İrana getmiş, bir müddət orada fəaliyyət göstərdikdən sonra İstanbula yollanmışdı. 1913-cü ildə Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinin 300 illiyi münasibətilə verilən ümumi əfv fərmanından sonra Bakıya qayıtmışdı. Türkiyəyə növbəti dəfə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin nümayəndə heyətinin sədri olaraq getmişdi. Budəfəki məqsədi Türkiyə ilə dostluq və strateji məqsədlərə xidmət edən müqavilə imzalamaq, Azərbaycanı tanıtmaq olmuşdu.

Üçüncü dəfə isə İstanbula bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra mühacir olaraq gəlmişdi. 1922-ci ilin sonu, 1923-cü ilin əvvəllərində o, artıq Finlandiya, Almaniya, Fransadan keçdikdən sonra İstanbula yerləşmiş, burada qurulmuş təşkilatın rəhbəri olmuş, 1930-cu ilədək “Yeni Kafkasya”, “Azəri Türk”, “Odlu Yurd” kimi jurnallar çap etmişdi. Təəssüf ki, Türkiyə ilə SSRİ arasında olan ittifaq, yaxınlaşma nəticədə İstanbulda fəaliyyət göstərən Azərbaycan, Türküstan, Krım, Şimali Qafqaz və s. ölkələrin siyasi mühacirlərinin Avropaya getmələrinə səbəb olmuşdu. Rəsulzadənin də taleyinə Rumıniya, Polşa, Almaniya, Fransa kimi ölkələrdə yaşamaq yazılmışdı.

Avropadan son dönüş

Almaniyanın məğlubiyyətindən sonra Avropada yaşamağın təhlükəli olduğunu başa düşən Rəsulzadə yenidən Türkiyəyə dönmək istəyir. Ən yaxın dostlarına məktublar göndərir. Həmdullah Sübhi Tanrıövər, Kənan Qocatürk kimi şəxslər onun qayıtması üçün hökumətdəki tərəfdarlarına müraciət edirlər. Nəhayət, 1947-ci ildə onun rəsmi şəkildə Türkiyəyə qayıtmasına icazə verilir. Prezident İsmət İnönünün və nazirlərin imzaladığı qərarda yazılır:

“Haymatlos Rəsulzadə Məhəmmədəminin Türkiyəyə gəlməsinə izn verilməsi; Daxili İşlər Nazirliyinin müvafiq görüşünə əsaslanan Xarici İşlər Nazirliyinin 18/06/1947 tarixli və 88717/249 saylı yazısı ilə edilən təklifi üzərinə 3519-cu saylı qanunun 22-ci maddəsinə görə Nazirlər Şurası tərəfindən 08/07/1947 tarixində qərarlaşdırılmışdır”.

“Haymatlos” alman dilində “vətənsiz” deməkdir. Türkiyədə, əsasən, II Dünya Müharibəsindən sonra Almaniyadan gələn insanlar haqqında işlədilirdi. Müsəlman şərqində ilk dövlət quran bir şəxs haqqında bu kəlmənin işlədilməsi nə qədər ağrılı olsa da, həqiqət tərəfi var idi. Rəsulzadə 1920-ci ildən sonra faktiki olaraq vətənindən uzaq, vətənsiz qalmışdı.

Türkiyəyə gəlmək isə asan olmadı. Almaniyadan Fransaya gəlmək üçün səkkiz nəfərlik heyətlə amerikan hərbi yük maşınına minirlər. Maşının sürücüsü krımlı bir türk, bələdçisi isə türkiyəli idi. Böyük çuvalın üstündə əyləşən Rəsulzadə Alp çəmənliklərini izləyərək, kim bilir, hansı düşüncələrlə sonuncu səyahətini edir. Fransa sərhədinə çatdıqları zaman sənədlərini yoxlayan fransız məmur onları heyrətə salır:

“Səyahətinizə davam edə bilməzsiniz. Əşyalarınızı boşaldın. Fransa vizanız yoxdur!”

Amma xoş bir təsadüf onların yenidən Almaniyaya qayıtmaq təhlükəsindən qoruyur. Rəsulzadənin vəfatından sonra “Yeni İstanbul” qəzetində xatirələrini qələmə alan heyətin rəhbəri Mustafa Nərmi yazır:

“Məhəmmədəmin bəy yüklərin, çamadanların başında dayanıb, rəngi qaçıb. Fransız zabiti tapıram və danışıram. Aldığım cavab qısa olur: “Olmaz”. Lakin dərədən-təpədən söz açılır. Məgər zabitin babası ilə Paris Universitetində bərabər oxumuşuq. Üstəlik, ən yaxın dostlarımdan biridir. Qatarın yola düşməsinə 10 dəqiqə qalmış zabit bütün məsuliyyəti öz üzərinə götürərək, fransız torpaqlarına girməyimizə icazə verir. Yüklərin, çamadanların başında donmuş şəkildə qalan Məhəmmədəminə uzaqdan çığırıram:

– Parisə gedirik, Əmin bəy. Digərlərinə də söyləyin, tez olsunlar.

Qatar tərpənər-tərpənməz qucaqlaşırıq. Əminin gözləri yaşarıb:

– Vətən qoxusu gəlir artıq. Türkiyənin qoxusu... Halal olsun çəkdiklərimiz. Parisdən sonrası asandır. Hamımıza uğurlu yolçuluqlar.

Məhəmmədəmin o qədər bəxtiyar idi ki. Gözləri alov kimi yanırdı. İllərdən sonra yurduna qayıdırdı. Türkiyəyə... Türkiyə onun üçün başqa bir Azərbaycandı...”

Yenidən mücadilə

Türkiyəyə qayıtdığı zaman Rəsulzadənin 63 yaşı vardı. Mühacirətin ağır şərtləri altında 27 illik mücadilədən sonra onun Ankarada ömrünü sakit şəkildə başa vuracağı gözlənilə bilərdi. Amma tamamilə fərqli oldu. Ankaraya yerləşdikdən sonra ilk işi II Dünya Müharibəsindən sonra Türkiyəyə qayıdan ikinci nəsil mühacirlərlə əvvəlki nəsil mühacirləri bir araya toplamaq, təşkilatlandırmaq və Azərbaycanın istiqlalı uğrunda yenidən mübarizəyə atılmaq oldu.

Ankaraya Avropada tanış olduğu, ailə həyatı qurduğu Leyla xanımla birlikdə gəlmişdi. Şəraiti yaxşı olmayan bir evə yerləşdilər. Dolanışıq məqsədilə Ankaradakı milli kitabxanada işə başladı. 1949-cu ildə hələ də Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyini yaratdı, qurduğu sonuncu təşkilatın fəxri sədri seçildi.

Dərnək qurulduqdan sonra Rəsulzadə ard-arda “Azərbaycan kültür gələnəkləri”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” mövzularında mühazirələr verdi, mühazirə mətnləri kitab olaraq nəşr edildi. 1952-ci il aprelin 1-də dərnəyin rəsmi orqanı olan “Azərbaycan” jurnalı nəşr olundu.

“Azərbaycan” Rəsulzadənin 1903-cü ildən başlayan jurnalist, redaktor həyatının sonuncu nəşri idi. Amma bu jurnalı çap edərkən vaxtilə “Şərqi-Rus” qəzetində dərc edilən ilk məqaləsinin yolunu gözləyən 19 yaşlı gəncin həyəcanı hələ də üzərində idi. O günlərin şahidi Feyzi Ağüzüm yazırdı:

“Əmin bəylə birlikdə dərginin ilk sayının hazırlığına başladıq. 1952-ci ilin aprelində birinci sayı nəşr etdik. Dərginin 12 sayını Əmin bəylə birlikdə dərc etdik. Baş məqalələri zamana görə Əmin bəylə Vahab bəy və digər yazıları Əmin bəy hazırlayardı. Günün şərtlərinə görə dərc edilməsi vacib olan yazıları, yazar heyətini o təlqin edərdi”.

Atatürkə ehtiram

Rəsulzadənin bu illərdə çəkdirdiyi bir neçə fotoşəkil var. O fotoşəkillərdən biri Ankarada Etnoqrafiya muzeyinin içərisində mücadilə dostları ilə birlikdə çəkilib. Əbdülvahab Yurdsevər, Həmid Ataman, Kərim Odər kimi şəxslərlə birgə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ilk məzarının önündədirlər.

Anıt məzar hələ hazır olmadığı üçün nəşi muzeydə saxlanılan Atatürkə olan minnətdarlıq hissi ilə ziyarət etmişdilər. Baxmayaraq ki, Atatürk Türkiyəsi onun Avropada yaşamasına, çap etdiyi nəşrlərin İstanbula girişinə qadağa qoymuşdu. Amma o başa düşürdü ki, bolşevik işğalından sonra bütün türklərin tək ümid yeri Türkiyə idi.

Türkiyə 1920-ci ildən sonra minlərlə azərbaycanlıya yurd və vətəndaşlıq yeri olmuşdu. Həmçinin, Atatürkün türk dünyası və Türkiyə üçün necə bir fədakarlıq etdiyinin fərqində olan Rəsulzadə vaxtilə onun haqqında qələmə aldığı iki məqaləsi ilə yüksək şəkildə qiymətləndirmişdi.

Rəsulzadənin milli kitabxanada işə düzəlməsi bir tərəfdən dolanışıq üçün idisə, digər tərəfdən oradakı fəaliyyəti də bilavasitə Azərbaycanla bağlı idi. Kitabxanadakı həmkarı M.D.Mərcanlıgil onun fəaliyyəti haqqında yazırdı:

“İki ilə yaxın bir zamandan bəri azəri ləhcəsi ilə yazılmış kitabların siyahısını çıxarmaqla məşğuldu. Hazırladığı kartoçkaların Milli Kitabxanada tətbiq edilən təsnifata uyğun olması üçün ciddi şəkildə çalışır, yeni əsərlər tapdıqca sevinirdi. “Azəri Türk Biblioqrafiyası” və ya “Azərbaycan Biblioqrafiyası” onun son əsəri olacaqdı”.

Təəssüf ki, Rəsulzadə bu fəaliyyətini tamamlaya bilmədi. Amma 1951-ci ildə Ankarada onun sonuncu və ən məşhur kitabı olan “Azərbaycan şairi Nizami” əsəri çap edildi. Vəfatından bir il öncə isə “Dünya” qəzetində “Stalinlə ixtilal xatirələri” adlı silsilə məqalələrini qələmə aldı.

1954-cü ildə o, həm də sonuncu 28 May – İstiqlal günü bayramını qeyd etdi. 1954-cü ilin 28 mayında, cümə günü saat 18 keçirilən tədbirlə bağlı “Azərbaycan” jurnalı yazır: “Rəsulzadə gənclik tərəfindən istiqlal məfkurəsinin bir kult, bir ibadət halına gətirilməsi və mənimsənilməsinin lüzumunu qısa və təsirli bir xitabla anlatmış, davamlı şəkildə alqışlanmışdır”.

Son günləri

... Mühacirətin ağır sınaqları, şəkər xəstəliyi, yaşlılıq onu yormuşdu. 1955-ci ilin martında xəstəxanaya yerləşdirilir. “Azərbaycan” jurnalının 1955-ci ilin mart sayında verilən məlumatdan aydın olur ki, Ankara Universitetinin xəstəxanasında müalicə olunan Rəsulzadənin son anında yanında bu şəxslər olublar: Həyat yoldaşı Leyla xanım, əmisi oğlu Məhəmmədəli Rəsulzadə, Əbdülvahab Yurdsevər, Kərim Odər, Dr.İbrahim Badal, Dr.Həmid Ataman, Dr.Sultan Hacıoğlu, Dr.Məhəmməd Kəngərli, Dr.Behman Turan, Dr.Fəyyaz Qasımoğlu, Dr.Əhməd Yaşat, Qurban Biter.

“Saat 22:50 hıçqırıqları tutmaq mümkün deyil... Ağlayırıq böyük insanın ardından... Təbiət də bizimlə bərabər göz yaşlarını tuta bilmir, külək bu zamansız ölümə üsyan etməkdə... Fəqət nə edilsə hamısı boş... Rəsulzadə artıq dönüşü olmayan bir yola çıxmışdır. Yanımızda onun cansız vücudu. Ruhu, bəlkə də, sevgilisi Azərbaycana qovuşmuş, 35 illik ayrılıq ağrısını bitirmək üçün onun üzərində dolaşmaqda...”, – “Azərbaycan” jurnalındakı məqaləsində şahidlərdən Qurban Biter belə yazırdı.

Rəsulzadənin gənc dostlarından Eldəniz Qurtulan isə onun vəfatı barədə belə yazır:

“Mən imtahanlar içində boğuşarkən Əmin bəy prostat əməliyyatına görə xəstəxanada yatırdı. Mən evimi dəyişdirmə təlaşı içində ikən əməliyyat uğurlu keçmişdi... Bir imtahandan çıxıb o biri imtahana girərkən Əmin bəyin qoluna sistem qoşmuşdular, yəni dekstroz - şəkərli su. Diabet xəstəsi olduğunu nəzərə almadan. Komaya girmiş, bir daha ayılmamış”.

Ankara radiosu 7 mart saat 22:45-də bu xəbəri dünyaya yayır. 8 mart 1955-ci ildə Ankaranın Hacı Bayram məscidində cənazə namazı qılınır, fəxri qaravulun, dostlarının müşayiəti ilə Əsri məzarlığına aparılır, orada dəfn edilir.

Cənazə namazından dəfn mərasiminədək dostları tərəfindən fotolentə köçürülür. Fotoşəkillərdən görürük ki, dəfn zamanı xanımı Leyla Rəsulzadə olmaqla, azərbaycanlı, türküstanlı, krımlı və b. mühacirlər də iştirak ediblər.

Artıq Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin vəfat etdiyini dünya bilirdi. Eləcə də, Azərbaycan. Oğlunu çağırıb bu barədə məlumat vermişdilər...