Xaçmaz KOB evində 1000-ci xidmət göstərildi - FOTO

10:40 10-03-2020 489

Sahibkarlara dövlət-biznes (“G2B”) və biznes-biznes (“B2B”) xidmətlərinin vahid məkanda təqdim olunduğu Xaçmaz KOB evinə 1000-ci müraciət daxil olub. 

Qeyd edək ki, hazırda Xaçmaz KOB evində sahibkarlara İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, “Azərpoçt” MMC, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azəriqaz” İB, “Azərsu” ASC və “Azərişıq” ASC tərəfindən 200-ə yaxın dövlət xidmətləri göstərilir. KOB evində həmçinin, sahibkarlıq subyeklərinə bank, sığorta, lizinq, logistika, broker, tərcümə, möhür kimi 100-dək zəruri biznes-biznes xidmətləri təqdim olunur. 

Fəaliyyətə başladığı müddət ərzində Xaçmaz KOB evində sahibkarlara daha çox hazır sənəd təqdim edən dövlət qurumu mənşə sertifikatının verilməsi üzrə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olub. Növbəti yerlərdə “Azəriqaz” İB və biznes-biznes xidmətləri üzrə lizinq xidmətləridir.   

Sahibkarlar tərəfindən Xaçmaz KOB evinə bir sıra xidmətlərin alınması üçün təqdim edilən sənəd qəbulu üzrə ilk üç yeri Kənd Təsərrüfatı Nazirliyi, “Azərpoçt” MMC və “Azəriqaz” İB tutur. 

İnformasiya xidmətlərinin göstərilməsi üçün sahibkarlar daha çox dövlət qurumları üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə və Kənd Təsərrüfatı Nazirliyinə, biznes-biznes xidmətləri üzrə isə “Rabitəbank” ASC-yə müraciət ediblər. 

Ümumilikdə, indiyədək Xaçmaz KOB evi tərəfindən sahibkarlara müxtəlif sahələr üzrə 528 hüquq müəyyənedici sənəd verilib, sənədlərin alınmasına və informasiya xidmətlərinin göstərilməsinə dair 472 müraciət daxil olub.   

Sahibkarlara göstərilən xidmətlərin çeşidinə görə isə dövlət qurumları üzrə İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidməti, “Azəriqaz” İB və “Azərpoçt” MMC, biznes-biznes xidmətləri üzrə isə logistika və lizinq xidmətləri ilk yerləri tutur.

Xaçmaz KOB evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzi tərəfindən indiyədək 29 mikro, kiçik və orta sahibkarlıq subyektinin iştirakı ilə biznes planın hazırlanması, effektiv işgüzar ünsiyyət, korporativ hüquq, marketinq, satış, sosial layihələr kimi yeddi mövzuda 17 təlim təşkil edilib. KOB İnkişaf Mərkəzinin nəzdində Biznes İnkubasiya Mərkəzi də fəaliyyət göstərir ki, bura 28 sahibkar cəlb olunub. 

Məlumat üçün bildirək ki, Xaçmaz KOB evi fevralın 7-dən etibarən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara xidmət göstərir. Əsasən idxal-ixrac əməliyyatları üzrə ixtisaslaşmış Xaçmaz KOB evinin əsas üstünlüyü KOB-ların vaxta və əməliyyat xərclərinə qənaət etməsi, xidmətlərin şəffaf və operativ təşkili, dövlət və biznes-biznes xidmətlərinin bir məkanda göstərilməsi və KOB-lara təqdim olunan xidmət səviyyəsinin ölçülə bilən olmasıdır. Xaçmaz KOB evində 25 xidmət pəncərəsi fəaliyyət göstərir ki, bunların 15-də dövlət orqanları, 10-da isə özəl qurumlar sahibkarlara xidmət göstərir. Burada həmçinin, görüş otaqları və konfrans zalı, eləcə də müxtəlif bankların ATM-ləri və ödəmə terminalları vardır.