Bəşər Əsədin ən böyük səhvi

12:20 10-03-2020 320

Qəşəm Nəcəfzadə yazır

Kül Bəşər Əsədin başına. Elə bil kitab-zad oxuyub eləməyib. Dünyadan xəbəri yoxdur zalım oğlunun. Görən, düz qulağının dibində baş verənlər, Səddam Hüseyn, Hüsnü Mübarək və Qəzzafinin acınacaqlı taleyi ona tanış deyil, bu hadisələr onun gözünün qabağında baş verməyibmi?

Görən o bilmir ki, əlində nə qədər silah var, bir gün özünə açılacaq? Bu gün ona nə qədər “hə” deyən var, bir gün “yox” deyəcək. Bir gün var olan, bir gün yox olacaq.

Daimi var olmaq yalnız Allaha məxsusdur. Görən Bəşər Əsədə bunu deyən yoxdur?

Indi öz xalqını verib güllənin qabağına. Salamat bir şəhəri yoxdur. Xaraba qoyub Surayını. İçi də xaraba, çölü də. İçində yüz ölkənin barmağı. Dəli kimi oynaqlayır Suriya. Havanı çalan kimdi, fərqi yox. Havaya yox, barmağa oynayır Suriya. Əvvəl havaya oynadı, indi barmağa.

Belə ölkələr bilməlidir ki, ən böyük fəlakətlər onun müxalifətindən başlayır. Hakimiyyətə qurd həmişə müxalifətdən düşür. Elə ki müxalifət xarici ölkələrin kəşfiyyatına dil verdi, özləri əvvəlcə bir azca mitinq elədi, daha bundan sonrası məlumdur. Demək, məsələ get-gedə qızışacaq, müxalifət vasitəsilə xarici ölkələrin barmağı ölkəyə daxil olacaq. Bir barmaq olsa nə vardı?  Bu saat yüz ölkənin barmağı dünyada sualtı qayıq kimi üzür. Girməyə yer axtarır.

Burada iki vacib məsələ var. Birincisi, gərək dövlət öz müxalifətini qəddar və qisascı böyütməsin, onu alçaltmasın. Necə ki, Məcnun öz əğyarı İbn Salamı sevirdi, ona hörmət edib lütf göstərirdi, gərək ölkə də öz müxalifətini sevsin. Özü demokratik olsun ki, müxalifətini  demokratiya yoluna sövq etsin. Əgər müxalifət səndən qəddarlığı öyrəndisə, onda vay halına, bizim tərəflərdə deyildiyi kimi, bundan sonra həmin ölkə ölüsünü qoyub, dirisini ağlasın.

Gərək dövlət öz müxalifətinə nəfəs almaq üçün genişlik versin. Ona bir az meydan versin ki, o da öz aləmində bir gərdiş eləsin, kişilənsin, özünü bir az yaxşı hiss eləsin.

İkinci vacib bir məsələ - Suriya vaxtında özü üçün ən asan və əlverişli bir üsul seçə bilərdi. Məsələn, öz müxalifətini hakimiyyətinin kiçik bir hissəsindən təşkil edərdi ki, bu da onun tam təhlükəsiz, qorxu və qadağasız yaşamasına gözəl şərait yaradardı. 

Bəşər Əsəd hakimiyyətinin yüngül bir qanadını göndərə blərdi istefaya, sonra qulağına pıçıldayardı ki, qardaş, müxalifət yerində gəlib niyə özgələr ötürsün, elə siz gəlib mənə müxalifət olun, hörməti hörmət, minnəti də minnət. Heç nədən qorxub eləməyin, sizi gözlərimin  üstündə saxlayacam, "gözünüz üstə qaşınız var" deməyəcəm. Lazım gələndə məni sərt tənqid eləyin. Münasib yer-zad da ayıracam, mitinq-zad keçirin. Qabırğama bir-iki saat döşəyin. Qoy xalq görsün ki, biz necə demokratik ölkəyik. Xarici ölkələr bilsinlər ki, bizdə demokratik sözə böyük hörmət  var. Mitinq qurtarandan sonra gedib arxayın yeyib içərik.

Gördüm ki, köhnəlirsiniz, yerdəyişmələr edəcəyəm. Sizdən bəzi adamları, xüsusən, sərt danışanları hakimiyyətə gətirəcəyəm. Özüm tərəfdən ağzına su alıb lal oturanlardan bir-ikisini göndərcəyəm müxalifətə. Yazıqdırlar, qoy bir az dilləri açılsın. Ola bilər ki, mən özüm də sizi sərt tənqid edim, bilin ki, zarafat eləyirəm. Qoy bütün dünya görsün ki, biz necə sivil, demokratik dövlət qururuq. Qoy xarici dövlətlər bizdən nümunə götürsünlər.

Kül Bəşər Əsədin başına. Vaxtında mən deyəni etsəydi, indi bəy kefində dolanırdı. Heç bir ölkə ona müdaxilə edə bilməzdi. Nə ölkəsi dağılardı, nə də beyni. Daha əldən düşdük Suriyanın dərdini çəkməkdən. Artıq Suriya məsələsində dünyanın siyası əsəbləri də pozulub. Ən böyük səbəb də Bəşər Əsəddir. Yuxarıda dediyim söz.