Azərbaycan çempionatının keçirilmə yeri standartlara uyğun gəlmədiyi üçün dəyişdirildi

13:40 12-03-2020 417

Basketbol üzrə Azərbaycan Super Liqasının XXI turunun dünənə planlaşdırılmış dörd oyunu texniki səbəblər üzündən təxirə salınıb.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, Xırdalanda yerləşən Abşeron İdman Olimpiya Kompleksinin basketbol zalı standartlardan uzaq olub.

Belə ki, səbətlərdən biri kiçik olub, üç xallıq atış xətlərinin məsafəsində fərq olub. Məhz bu üzdən Azərbaycan Basketbol Federasiyası yarışı Xırdalanda keçirməmək qərarına gəlib.

Məsələ ilə bağlı federasiyanın baş katibi Vüqar Əzimovla əlaqə saxladıqda, o da dediklərimizi təsdiqlədi:

“Bildiyiniz kimi, bizim məşq bazamız Bədən Tərbiyəsi və İdman Akademiyasının, çempionat oyunlarını keçirdiyimiz məkan isə Texniki Universitetin basketbol zalıdır. Lakin Təhsil Nazirliyinin müvafiq qərarından sonra bütün təhsil müəssisələri bağlanıb. Bu səbəbdən də Texniki Universitetdə oyunlarımızı keçirə bilmirik. İstədik ki, Abşeron İdman Olimpiya Kompleksində oyunlarımızı təşkil edək, amma oranın zalı standardlara uyğun gəlmədi”.

Baş katib yarışın yeni məkanının Sumqayıt Olimpiya İdman Kompleksi olacağını da bildirdi:

“Sonuncu – XXI turun oyunlarını Sumqayıtda keçirəcəyik. Ancaq çempionat koronavirusla mübarizə tədbirləri çərçivəsində azarkeşsiz baş tutacaq”.

Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksi 2017-ci ilin noyabrın 15-dən fəaliyyət göstərir.

Səbuhi Musayev