Cavanşir Tağıyevin “qəbir biznesi”- aylıq gəlir milyonlarla ölçülür

20:39 11-07-2019 1560
Qanunla qəbir yerlərinin satılması qadağan olunsa da, qəbiristanlıq biznesi hələ də davam edir. 
 
Dəfələrlə məsələ, hətta parlament səviyyəsində müzakirə olunsa da, nəticə dəyişmir. 
 
Bu günlərdə Zaur Əliyev adlı sosial şəbəkə istifadəçisi vəfat edən atasına qəbir yeri almağa getdiyi məzarlıqlarda gördüyü mənzərədən danışıb. Bildirib ki, bir neçə məzarlıqda torpaq ayrılması üçün ondan böyük məbləğdə pul tələb olunub. Dəfn zamanı rəsmi dövlət qiyməti müsəlmanlar üçün 63 manat, qeyri-müsəlmanlar üçün isə 75 manat təşkil etsə də, yer üçün 3-4, hətta 5 min manat tələb edənlər olub. 
 
Yasamal qəbiristanlığında isə ona 9 min manatlıq "yaxşı yer” təklif edilib. Hətta ucuz olduğu üçün Zaur Əliyevə Hövsan qəsəbə qəbiristanlığı məsləhət görülüb. Sosial şəbəkə vasitəsilə Zaur Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qafqaz Müsəlmanlar İdarəsini sərt tənqid edib. 
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyeva məsələdən xəbərdar olduğunu bildirsə də, açıqlama verməkdən yayınıb. Bildirib ki, onlara bu barədə rəsmi sorğu göndərilməlidir. 
 
Mənəvi Dəyərlərin Təbliği Fondu ilə də əlaqə baş tutmayıb. 
 
Qurumdan telefon zənglərinə cavab verilməyib.
 
Bildirək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə təqdim etdiyi "Məzar yerləri və məzarlıqlar haqqında" qərar layihəsində isə dəfn xərclərinin dəfn üçün müavinətin məbləğindən artıq olmamasını yer alıb. "Dəfn işi" yas mərasimini nəzərdə tutmur. Burada söhbət məzar üçün torpağın ayrılması, qəbrin qazılması, dəfn olunma və abidənin qoyulmasından ibarətdir. Belə ki, əgər vəfat etmiş şəxsin iş yeri varsa, "dəfn pulu" dediyimiz vəsait onun iş yerindən verilir. 
 
Əgər ölən təqaüdçüdürsə, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. "Məzar yerləri və məzarlıqlar haqqında" qərar layihəsində dəfnin məhz bu vəsait hesabına aparılması nəzərdə tutulur. Təklifin mahiyyəti bundan ibarətdir ki, dəfn üçün xərclər bu vəsaitdən artıq olmasın. Ən əsası isə torpaq pulsuz olmalıdır. Həmçinin, qəbiristanlıqların saxlanılması, abadlaşdırılması vətəndaşların deyil, bələdiyyələrin hesabına olacaq.
 
Cəmiyyəti ən çox narahat edən məsələ məzar yerinin pulsuz ayrılmasıdır ki, bu da sənəddə əksini tapıb. Amma onun icra mexanizmi ilə bağlı hər hansı şərh verilməyib. Yəni torpağın təkcə Bakı qeydiyyatında olanlara pulsuz ayrılacağı, yoxsa paytaxtda yaşayan hər kəsə şamil ediləcəyi bəlli deyil. (cebhe.info)
Teref.az olaraq bu problemi dəfələrlə qaldırmışıq, Yasamal qəbirsanlığında bu məsələ biabırçılıq səviyyəsinə gəlib çıxıb. Sahibsiz xristian qəbirlərini söküb 10-20 min arası ( deyilənə görə hərdən daha baha) pullu olqarxlara satırlar.Strateq az sayttı öz araşdırmasında qeyd etmişdi ki: "Qeyd edək ki, bütün bu “qara” biznesin qəbirlərə aid olan hissəsinin arxasında uzun illərdir bu sahəyə rəhbərlik edən Vətəndaş Xidməti Trestinin müdiri vəzifəsində çalışan Cavanşir Tağıyev adlı şəxs durur. 
 
Hazırda Cavanşir Tağıyevin “biznesi” bütün Abşeron yarımadası üzrə öz intibah dövrünü yaşayır. çünki mərkəzdəki qəbiristanlıqlarda yerlər dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar. Mərkəz ərazilərlə müqayisədə şəhər kənarında qəbir yerləri nisbətən ucuzdur. Məsələn, şəhərdə 200 manatdan 8 min manata qədər qəbir yerləri satılsa da, bir qədər paytaxtdan kənarda, məsələn, Biləcəri qəbiristanlığında 1 qəbr yerinin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yeri 800-1000 manatdan ucuz deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında 2000-3000 manat civarında satılır. Ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500 manata məzar yerləri var."
 
Mənbə strateq.az
 
 
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!