Aftandil Hacıyev: Esyenə görə “Səbail”i varlı klub kimi görürlər

23:27 11-07-2019 860

Rəqib həm daha keyfiyyətli futbolçulara malikdir, həm də komplektləşmə bizdəki kimi deyil. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Sadəcə olaraq, rəqib futbolçuların fərdi ustalığı öz sözünü dedi.

HerGun.Az xəbər verir ki, bunu “Səbail” komandasının baş məşqçisi Aftandil Hacıyev deyib.

Bakı klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın “Universitatya Krayova” klubuna 2:3 hesabı ilə məğlub olub.

Oyundan sonra təşkil olunan mətbuat konfransında matçı şərh edən “Səbail”in çalışdırıcısı deyib ki, komandanın hazırlıq səviyyəsinin istənilən şəkildə olmamasında nə rəhbərliyin, nə də məşqçilərin səhvi var: “Bu gün günahkar axtarmırıq. Sadəcə olaraq, səbəbləri deməliyəm. Oyunçularımızın fiziki durumu lazımı səviyyədə deyil. Yorulduqdan sonra konsentrasiya itməyə başlayır. Bu gün rəqib daha hazırlıqlı idi. “Səbail” gənc klubdur və sabit büdcəyə malikdir. Ancaq gələcəkdə büdcə artsa, daha yüksək səviyyəli oyunçular götürə bilərik. Demirəm ki, əlimizdə olanlar keyfiyyətsizdir. Sadəcə, heyəti daha da gücləndirə bilərik. Hazırda Mirabdulla Abbasovdan heç nə gözləmirik. Komandaya gec qoşulub. Onunla rəqabət aparacaq futbolçu yoxdur. Bu, problemdir. İstərdik ki, bəzi mövqelərdə rəqabəti artıraq”.

Hacıyevin sözlərinə görə, “Səbail”in cavab matçında geridönüş etməsi çətin olacaq: “Oyuna müdaxilə etməkdə gecikdiyimizi düşünmürəm. İki və üçüncü qol ard-arda gəldi. Ağabala Ramazanova çempionatda da hücumda şans vermişik. Bu gün pis alınmadı. Amma rəqib topa sahib olmaq baxımından üstün idi. Futbolçularımız bilməlidirlər ki, səfərdə çətin olacaq. Cavab matçında geri dönüş etmək çətin görünür. Səfərdə planımız gerçəkləşərsə, 2:0 hesabı ilə qalib gələ bilərik. Amma yenə də deyirəm ki, bu, çətin məsələdir. Bu gün “Səbail” ilə “Krayova”nı müqayisə etmək hələ tezdir. Ancaq bu məqam bizi ruhdan salmır. Sürpriz hər zaman mümkündür. Bu gün Maykl Esyenin “Çelsi”də, “Real”da oynayan vaxtı deyil. O, iki ay yarım əvvəl komandamıza gəlib. Bundan öncə isə il yarım futbol oynamayıb. Esyenə görə kiminsə bizi varlı klub qismində qələmə verməyi normaldır. Ancaq reallıq fərqlidir. Esyenin hansı vəziyyətdə olmasını biz yaxşı bilirik”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.