Koronavirusa görə ölkədə qalma müddətini uzatmaq istəyənlərin NƏZƏRİNƏ

20:40 17-03-2020 351

Dövlət Miqrasiya Xidmətinin (DMX) saytında koronavirus epidemologiyası ilə bağlı yeni funksiya yaradılıb.

APA-nın məlumatına görə, bunu DMX-nın rəisi Vüsal Hüseynov “Facebook” hesabından etdiyi canlı yayımda deyib.

V.Hüseynov bildirib ki, koronavirusa görə ölkədə qalma müddəti bitmiş əcnəbi vətəndaşlar komitənin saytında yeni bölməyə daxil ola bilərlər: 

“Ölkədə müvəqqəti qalma müddətinin uzadılması üçün sərhədi keçməyə ehtiyac yoxdur. Mövcud vəziyyət nəzərə alınaraq, müraciət edən vətəndaşların ölkədə müvəqqəti qalma müddəti sərhədi keçmədən uzadılacaq. Ölkədə qalma müddəti bitən vətəndaşlar üçün müddətin uzadılması məsələsinə Miqrasiya Xidməti müsbət yanaşır. Buna görə də vətəndaşlar ölkədə müvəqqəti qalma müddətinin uzadılması ilə bağlı Miqrasiya Xidmətinə müraciət etsinlər. Eyni zamanda həmin vətəndaşlar sayta daxil olub elektron xidmətlərdə ölkədə müvəqqəti qalma müddətinin uzadılması hissəsinə klik etməlidir. Daha sonra “koronavirusa görə gedə bilmədi” bölməsini seçməlidirlər. Bu vəziyyət Miqrasiya Xidməti tərəfindən nəzərə alınacaq”.