“Daş cəngəlliklər”dən təbiətə “Keçid” edənlər: Yerli sakinləri tədbirlərə buraxmırıq

10:54 12-07-2019 8

“Keçid” layihəsi Bakıda gənclər arasında istirahətin konseptlərindən birinə çevrilib. Gənclər həmfikir olduqları insanların əhatəsində təbiət qoynunda istirahəti təbliğ edərək, maraqlı tədbirlər təşkil edirlər.

Araz Hacıyevin 28 yaşı var. Həvəskar alpinizmlə və qayaya dırmanma ilə məşğul olur. Təbiəti, o cümlədən, insan təbiətini sevir. Hesab edir ki, insan təbiətin bir hissəsidir.

Murad Nəbiyevin 30 yaşı var. Landşaft dizayneridir və Gəncədə “Art Garden”ə rəhbərlik edir. Dünya səyahətini sevir. Hesab edir ki, cəmiyyətin bütün problemlərini kommunikasiya yolu ilə həll etmək mümkündür.

Layihənin təşkilatçıları Araz Hacıyev və Murad Nəbiyev HerGun.Az-a müsahibələrində öz ideyaları və öhdəsindən gəlməli olduqları çətinliklər barədə danışıblar.

- “Keçid”in əsas prinsipi nədən ibarətdir? Niyə belə adlandırılıb?

Araz: “Keçid” şəhərdən təbiətə keçiddir. Sizə yolumuz barədə bir az bəhs edəcəyəm. Diqqət yetirmisinizsə, “Keçid”in loqosunda yaşıl və qara rənglər var. Yaşıl təbiəti tərənnüm edir: biz hamımız ondan çıxmışıq və onun hissəsiyik.

Qara rəng isə “underground”dur. Onu işığa, cəmiyyətə çıxmağa qorxan insanlar təmsil edirlər, onları başa düşməmələrindən və qəbul etməmələrindən qorxurlar. Biz isə onlara görə heç nədən qorxmamalıyıq. Nəticədə, həyatın yaşıl və qara rənglərinin maraqlı simbiozu alınır.

Murad: Biz bu layihəni noyabrın 14-də açdıq. Bunu, ilk növbədə, özümüz və bizim kimi olanlar üçün edirik.

Çalışırıq ki, bütün tədbirlərimizi açıq havada keçirək, təbiət qoynuna gedək. Hər birinin “daş cəngəlliklər” olduğu böyük şəhərlər bu məkanı hələ zəbt etməyə macal tapmayıb. Bu, hamının özünü xoşbəxt hiss edə biləcəyi yerdir. Ağaclar, dağlar, çaylar və daşlar insan həyatının beşiyidir. Və bu “Keçid” baş verəndə yaradıcı insanlar və başqaları özləri üçün yeni hüdudlar kəşf edirlər. 


 
- Zəhmət olmasa, gənclərin istirahətinə baxışınız barədə danışardınız. Bu, nə ilə fərqlənir?

Araz: Öz evinin astanasından kənara atılan istənilən addımın məcburi maddi xərclərə gətirib çıxardığı dövrdə yaşayırıq, yəni müəyyən büdcən olmalıdır. Büdcəsiz istirahət, üstəlik, Bakıda olduqca çətin tapşırıqdır.

Murad: Şəhərdə, həqiqətən də, gənclərin çox pul xərcləmədən öz vaxtlarını keçirə biləcəyi az sayda yer mövcuddur. Ancaq bizim istirahətimiz həm də özünəməxsus sosial şəbəkədir. İnsanlar burada tanış olurlar, bir-biriləri ilə əlaqə yaradırlar, dünyagörüşlərini bölüşürlər. Dünyamız kommunikasiya olmadan aqressiyanın güclənməsinə məhkumdur. Bu isə yaxşı hal deyil.

- Bu layihənin müjdəçisi hansı layihə olub?

Araz: “Keçid”dən əvvəl “Çıxış” layihəmiz olub. “Çıxış” şəhər kommunasının konsepti idi. Bizim bir məkanımız var idi. 170 kvadratmetr ərazidə incəsənət məkanı və teatr səhnəsi yerləşirdi. Biz bir ailə idik, bir yerdə yaşayırdıq, birlikdə yemək yeyir, istirahət edir və incəsənətlə məşğul olurduq. Ancaq dostlara qarşı səmimi idik və buna görə də kommunanın sakinləri durmadan dəyişirdi. Həmin ərazidə rəssamlar üçün öz emalatxanamız var idi: onlar burada çərçivədən kənar özlərini göstərə, özlərini hansısa postulatlarla məhdudlaşdırmamağı, fantaziyalarını tam işə salmağı bilirdilər.

Bizə axşamlar cem-seyşn təşkil edən musiqiçilər gəlirdilər. Oranın daxilində kiçik kafe fəaliyyət göstərirdi. Kafedə ancaq vegetarian yeməyi verilirdi. Məqsədimiz daimi iş yerləri olmayan insanları birləşdirmək olub. Bu, çox həssas kateqoriyalı insanlardır. Onlara da haradasa istirahət etmək, ünsiyyət saxlamaq və işləmək lazımdır. Orada səkki ay işlədik, lakin təəssüf ki, qonşuların şikayəti əsasında bağlanmağa məcbur olduq: onlar əfsus ki, məşğul olduğumuz işi başa düşmək istəmirdilər.

Murad: Layihələrimiz gənclər üçün hazırlanır ki, onlar layiqincə istirahət edə bilsinlər. Axı hamının pulları sağa-sola xərcləmək üçün varlı valideynləri yoxdur. Biz müəyyən dərəcədə minimalizmi təbliğ edirik. Alternativ olanda cəmiyyət daha sağlam olur.

- Gənclər üçün incəsənət məkanı ideyası yeni bir şey deyil. Oxşar layihələrlə, məsələn, YARAT-la əlaqələriniz varmı?

Araz: YARAT-ı dəstəkləyirik, onların həyata keçirdiyi əhəmiyyətli işlər barədə məlumatımız var. Lakin YARAT-a, əsasən, incəsənət dünyasında artıq tanınmış insanlar daxildirlər, bizdə isə daha çox “underground” üstünlük təşkil edir.

- Köhnə Molokan kilsəsindəki qarşıdurmanın səbəbi nə idi?

Araz: Orada dostlarımız işləyirdilər. Onlar həmin məkanda özünəməxsus “Salaam cinema” kinoklubu təşkil ediblər. Köhnə, yarıdağılmış kilsəyə həyat verdilər və bunun da cəmiyyətin inkişafında öz rolu var. Bu, dünya incəsənətində dəb halını almış “public space” sözü ilə  xarakterizə edilən ictimai məkan olub. Burada filmlər nümayiş etdirilib və onların sərbəst müzakirəsi aparılıb. Hər kəs müzakirələrdə öz fikrini söyləyə bilərdi. Lakin bu dinc gəncləri narahat etmək istəyənlər peyda olmuşdu.

Murad: Bizim Gəncədə “Art Garden”imiz var. Müxtəlif yaşlı insanlar ora gedirlər. Orada müxtəlif musiqi alətlərində oyun öyrədirik. Bu günlərdə bizə uşaqlar gəlmişdilər və onlarla maraqlı tədbir keçirdik.

Bizə təkcə gənclər deyil, həm də yaşlı nəslin nümayəndələri gəlirlər. Bununla da nəsillər arasında qarşılıqlı anlayış çatışmazlığı aradan qaldırılır. Kommunikasiya bir çox problemi həll edir.

Avropada tez-tez oluram və yerli insanlarla ünsiyyətdə oluram. Orada əksər insan mövhumatdan uzaqdırlar, çünki uşaqlıqdan belə böyüyürlər. Onlar istədikləri şeylə məşğul olurlar: skeytdə gəzir, dağa çıxır, bütün dünyada xeyriyyə missiyaları ilə dolaşır və heç kəs onlara qadağa qoymur.

Bizdə isə insanlara uşaqlıqdan maddi rifah üçün mübarizə aparmağı öyrədirlər. Ancaq ola bilsin, kimsə öz enerjisini mübarizəyə deyil, məsələn, yaradıcılığa və ya xeyriyyəçiliyə xərcləmək istəyir. Axı insanlar müxtəlifdir və onların arzuları da fərqlidir.

Məsələn, bir dəfə bizə yaralı pişik azıb gəldi və qızlardan biri məkanımızda sahibsiz heyvanlar  üçün guşə açmağı təklif etdi. İndi bizim heyvanlar üçün qida gətirirlər. Məgər bu pisdir?

- “Keçid”ə qayıdaq. Hansı tədbirləriniz olub, hansı maraqlı məqamlar yadda qalıb?

Araz: Bir neçə tədbir olub, lakin söhbətin formatı hamısı haqqında danışmağa imkan verməyəcək. Təbiət qoynuna gedəndə həmişə maraqlı olur.

“Everest” alpinist klubundan dostlarımız var. Onlarla birlikdə Fit dağına qalxmağı təşkil etdik. Çox maraqlı yürüş oldu. Yürüş zamanı bir neçə nəqliyyat növünü dəyişdik: əvvəlcə şəhərdən avtobusla çıxdıq, sonra yük maşınının kuzasında dağ yollarından keçdik, yolun son hissəsini isə piyada qət etdik. Zirvəyə çatanda tonqal yandırdıq, yeməyi və yürüşün verdiyi enerjini paylaşdıq. Ardınca eyni marşrutla Bakıya qayıtdıq. Ancaq belə yürüşlər kiçik hazırlıq tələb edir və biz öz təcrübəmizi məmnuniyyətlə bölüşürük.

Murad: Araz, məsələn, deyə bilər: “Getdik!” Və qarşıda bizi nəyin gözlədiyi barədə tamamilə heç nə bilmədən dağlara gedəcəyik. Amma planlaşdırılmış tədbirlərdə, əlbəttə, hər şey əvvəlcədən danışılır.

- Siz bir növ öz həyat tərzinizi təbliğ edirsiniz? Bu zaman maraqlar toqquşurmu?

Araz: Kiməsə öz ideologiyamızı yeritmək kimi hədəfimiz yoxdur. Biz, sadəcə, özünü göstərməyə ehtiyacı olan insanlara imkan yaradırıq.

Murad: Cəmiyyətimizdə çörək dalınca “Gelandewagen”də getmək normal sayılır. Amma bizim maraq göstərən gənc insanları özümüzlə götürdüyümüz hallar olub. Onlar dağlara çıxanda dəyişirlər - təbiətin özü insanı dəyişir və göstərir ki, həyatda çox şey olmadan da rahat yaşamaq olar. Bizim vəzifəmiz yalnız bu yolu göstərməkdir, insanın özü üçün nə qərar verəcəyi isə onun şəxsi işidir.

- Tədbirlərinizə çox insan toplaşır?

Araz: Bizim təbiətə “keçidlərə” az insan yığışmır. Məsələn, İsmayıllıda 100-dən çox adam olub, Novxanıda çimərlik mövsümünün açılışına isə 300-dən çox adam gəlmişdi. Yəni demək olar ki, sıralarımız artır. İnsanlar görür ki, minimum büdcə ilə də rahat istirahət etmək mümkündür.

- Təşkilati məsələlər nə yerdədir, məsələn, insanlar harada gecələyirlər?

Araz: Komforta ehtiyacı olan insanlar üçün yaşayış yerləri təqdim edirik. Tələbatları çox da böyük olmayanlar isə çadırlarda gecələyirlər. Çadırlar da əvvəlcədən kirayəyə verilir. Misal üçün, bizim növbəti tədbirimiz Nabranda planlaşdırılıb.

İyulun 13-15-də orada açıq səma altında festival təşkil edirik. Çadır şəhərciyimiz dənizdən cəmi 100 metr aralıda salınacaq. Orada yaxınlıqda koteclər də var. Arzu edənlər koteclərdə qala bilərlər.

Murad: İsrail, Türkiyə, Rusiya və Gürcüstandan olan könüllülər də Nabrana gələcəklər. Maraqlı beynəlxalq yığıncaq olacaq. Qonşu ölkələrdə bu cür festivalları tez-tez keçirirlər. Bu təcrübəni öyrənməyə çalışırıq.

Araz: Orada üç gün, iki gecə keçirəcəyik: maraqlı ustad dərsləri, yoqa və art sessiyalar, əl işlərindən ibarət bəzək əşyaları yarmarkası, teatr performansları, dadlı kokteyllər və musiqi olacaq. Gəlin, maraqlı olacaq.

- Yerli sakinlər sizin əyləncə gecələrinizə necə yanaşırlar? Maneə törədənlər varmı?

Araz: Çalışırıq ki, yerli sakinləri tədbirlərimizə buraxmayaq və ya onları nəzarət altında saxlayaq. Xoşagəlməz hallar olub. Məsələn, ötən il Nabranda əyləncə gecəmizə bir neçə yerli sakini buraxdıq, sonra onlar özlərini aqressiv aparmağa, qızlara sataşmağa, DJ trekləri əvəzinə, “Ləzginka” sifariş etməyə başladılar. Xoşbəxtlikdən bizim mühafizəçimiz vardı. Biz özümüz də aqressiv ritorikaya keçməyə imkan vermirik - məqsədimiz istirahətdir.

Biz tədbirləri təşkil edərkən yaşayış massivlərindən uzaqlığı mütləq nəzərə alırıq. Vətəndaşların hüquq və azadlıqlarını tapdalamaq istəmirik, lakin öz haqlarımızı da qoruyuruq. Hər şey düzgün və ədalətlidir. 

Namiq Həsənov