Türkiyədə yaşayan azərbaycanlı idmançı: Fatma məndən evlilik təklifini çox gözlədi

12:36 12-07-2019 795

Eldar Əlizadə beş yaşından idman sahəsindədir. O, hazırda qeyri-olimpiya idman növü olan uşu sanda və kikboksinqlə məşğuldur. Hazırda Türkiyədə həm işləyir, həm də oxuyur. Bundan sonrakı planı Türkiyədə yaşamaq olsa da, Bakıya tez-tez gəlmək fikrindədir.

HerGun.Az uşu sanda üzrə Avropa, kikboksinq üzrə dünya çempionu olan Eldar Əlizadə ilə müsahibəni təqdim edir:

- Azərbaycandan nə vaxt köçmüsünüz?

- Artıq uzun müddətdir köçmüşəm. Türkiyəyə gəlməyimin səbəbi təhsil olsa da, idmançı kimi də fəaliyyətimi davam etdirdim: yarışlara çıxdım, dərslər keçdim. Beləcə, təhsillə bərabər, Türkiyədə peşəmi də inkişaf etdirdim. Amma iş, məşğuliyyət öz yerində, təhsil də vacibdir və bunu da diqqətdən kənar qoymurdum.

Hərbi xidməti Ağdamda keçmişəm, daha sonra Bakıya gəlib imtahan verdim və 2013-cü ildə Kastamonu Universitetinin iqtisadiyyat fakültəsinə qəbul oldum. Yolum Türkiyəyə idi, məni çətin, maraqlı, keşməkeşli yol və uğur gözləyəcəyini bilmirdim, amma belə oldu. Beləcə, Türkiyə həyatım başladı.

- Kastamonuda təhsil hansı səviyyədədir, sizi qane edirmi?

- Təhsil Türkiyədə mükəmməldir, oxumağa üstünlük verilir, mən də idmançı olduğum üçün həm oxuyub, həm də çalışmışam, lazım olanda da hörmət ediblər.

- Ailədən dəstək var idi?

- Əvvəllər ailə dəstək oldu, düzdür, hər zaman dəstək var idi, ancaq mən öz ayaqlarım üstündə durmağı bacarmalı idim və bacardım da. Gəldiyim müddətdə üç ay içində mənə özəl idman dərsləri təklif olundu. Həmin ərəfədə Kastamonuda rinq döyüşləri zəif idi, biz o idmanı inkişaf etdirərək idmana olan sevgini də təbliğ etdik.

Hazırda mən Kastamonuda idman dərsləri keçirəm, Azərbaycanın bayrağını bir daha fəxrlə qaldırıram. Bununla bərabər, magistratura təhsili alıram. Təhsil, iş və çox çalışmaq insana zəfər gətirir.

- Bəs Fatma xanımla necə tanış olmusunuz?

- Eyni universitetdə oxumuşuq, orada da tanış olduq, ancaq bir gün belə olacağını nə mən düşünürdüm, nə də Fatma. Biz ilk olaraq dostuq, ondan sonra ailəyik. Düzdür, “hə” cavabını alana kimi çətinlik çəkdim. Əslində, Fatma evlilik təklifini çox gözlədi, ancaq mən etməmişdim, sonradan bildim ki, bu sözü deməliyəm.

- Bir neçə gün öncə xəbər saytları “maraqlı toy” deyə paylaşım etmişdilər. Bu, kimin ideyası idi və belə ajiotaj gözləyirdinizmi?

- O ideyanı düşünüb həyata keçirəndə bütün bunları nəzərə almamışdıq, sadəcə, toydan xatirə qalsın deyə etdik, paylaşdıq. Səhər baxdıq ki, səhifələr, xəbər saytları, bir neçə televiziya kanalı maraqlı xəbər kimi efirə təqdim etmişdi. Bizə də xoş oldu, düzdür, xoş olmayan sözlər də yazıldı, amma biz onlara fikir vermirik, niyəsini də deyim.

Bu şəxslərin özlərinin gördüyü bir iş yoxdur, ancaq pisləsinlər, bəyənməsinlər. Ona görə də onları ciddi qəbul etmirik.

- Evliliyə nə zaman qərar verdiniz?

- Üç ildir ki, tanışıq və artıq başa düşdük ki, biz yaxşı dost və həyat yoldaşı ola bilərik, qərar verdik və evləndik.

- Ailədə türk gəlini sindromu yaşandı, yoxsa normal qarşılandı?

- Düzünü desəm, ilk dəfə Fatmanı görəndə elə qarşılayıb münasibət göstərdilər ki, elə bildim, onlar məni tanış edir Fatma ilə. Fatma ilə ailəmin çox yaxşı münasibətləri var. Həm də dinimiz bir, dilimiz bir, biz bir millət, iki dövlətik.

- Karyeraya son, yoxsa davam?

- Nəfəs aldıqca idmanda olacağam, ən əsası, Vətənimin, millətimin başını yüksəklərə qaldıracağam. Karyeraya davam.

- Türkiyədə özünüzə qarşı ayrı-seçkilik hiss etmisiniz?

- Təzə gedəndə kiminləsə tanış olarkən “Azərbaycanlıyam, biz qardaşıq” deyəndə bütün qapılar üzümə açılırdı. Yəni mənə qarşı ayrı-seçkilik olmayıb.

Harada olmağından asılı olmayaraq, gərək sənə dəstək olunsun, mən Kastamonuya gəldiyim gündən etibarən mənə burada dəstək olan insanlar var. Onların adlarını mütləq qeyd etməliyəm: Cegiz Aygün, Murat Sancaktaroğlu, Remzi Bulut, İhsan Yanız, Serkan Alden, Fevzi Demir.

- Bir neçə gündür Bakıdasınız. Haraları gəzdiniz, Fatma xanımın Bakıda ən çox sevdiyi yer hara oldu?

- Çoxdandır gəzmirdim, darıxmışdım. Həqiqətən, Bakı gündən-günə dəyişir, gözəlləşir. Fatmanın ən çox xoşuna gələn yerlər Qız qalası, İçərişəhər oldu.

Ən əsası, bir məqamı deyim ki, Fatmanın ailəsi də burada idi və onlar təkidlə ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək istədilər. Həmçinin Şəhidlər xiyabınını da ziyarət etdik.

Nərmin Kazımova