Azərbaycanın diplomatik nümayəndəlikləri koronavirus yayılan ölkələrdən qaytarıla bilərmi? - RƏSMİ

23:00 23-03-2020 457

“Diplomatik nümayəndəliklərin rəhbərləri, səfirlər, Baş konsullar, Səfirlik və Baş konsulların işçiləri, onların ailə üzvləri koronavirus pandemiyasının yayıldığı ölkələrdə fəaliyyətlərini davam etdirir”.

HerGun.Az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası Çində başlayandan orada olan səfirliyimiz bu günə qədər tam tərkibdə fəaliyyət göstərir:

“Cənubi Koreyada, İran İslam Respublikasında, İtaliyada, o cümlədən, digər koronavirusun yayıldığı ölkələrdə səfirliklər fəaliyyətini davam etdirir”.

“Dövlət başçısı tərəfindən tapşırıq da verilib ki, diplomatik nümayəndəliklərimiz orada qalmalı, fəaliyyətlərini davam etdirməlidir. Onlar zəruri hallarda Azərbaycan vətəndaşlarına xidmət etməli, kömək göstərməlidirlər”, - deyə Hikmət Hacıyev əlavə edib.

İlhamə Əbülfət