Müşfiq Abbasovun evini əlindən aldılar

15:18 12-07-2019 61

“Bu şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasovun evi əlindən alınıb.

Bu barədə HerGun.Az-a M.Abbasov özü məlumat verib. 

Bildirib ki, 2013-cü ildə 140 min manata aldığı ev məhkəmə yolu ilə onun əlindən alınaraq keçmiş yiyəsinə verilib:

“Mən Həsənova Gülrux Sənhan qızından 140 min manata “6-cı paralel” adlanan ərazidə yeni tikilidə ikiotaqlı ev almışam. Bakı Apellyasiya Məhkəməsi isə qərar çıxardı ki, 2013-cü ildə aldığım ev Həsənova Mehriban Həsən qızına məxsusdur.

Məhkəmə bildirdi ki, notariusda olan alqı-satqı, həmçinin, Dövlət Əmlak Komitəsinin verdiyi çıxarış da saxtadır. 2019-cu ildə Gülruxun xalası ortalığa çıxıb və iddia edir ki, ev onundur. Gülrux isə evi mənə dələduzluq yolu ilə satıb. Məhkəmədə o, iddialarını isbat etməyə çalışdı.

Apellyasiya Həsənova Mehribanın, Yasamal Rayon Məhkəməsi isə mənim xeyrimə qətnamə çıxardı. Qərarda qeyd edilir ki, ev Gülruxa deyil, Mehribana məxsusdur. Mən də qarşılaşdığım müəmmalı olayda məntiq axtarıram.

Necə olur ki, ev Mehribanın ola-ola Dövlət Əmlak Komitəsi çıxarış verir, notarius isə bunu təsdiq edir?! Onların çıxardığı qərardan belə başa düşmək olar ki, yaşadığınız ev hər an başqasının ola bilər. Bu, heç bir məntiqə sığmır”.

Rəşad Əliyev