“Vaqif Sadıqov taktikası” və ya “Azərbaycansayağı qol” yenə gündəmdə - VİDEO

21:36 12-07-2019 59

Futbolun bəzəyi qoldur. Qapıların torlarını silkələyən qollar bəzən təsadüfi alınır; top oyunçunun qarşısına düşür və futbolçu onu hədəfə çatdırır. Ancaq bu, standart vəziyyətlərdən vurulmuş qollara aid deyil. Standart vəziyyətlər – cərimə zərbələri və künc zərbələri zamanı reallaşmış qollar çox vaxt taktiki düşüncənin məhsulu olur.

HerGun.Az xəbər verir ki, Azərbaycanın da özünəməxsus taktiki düşüncə ilə vurulan qolu var.

Buna “Vaqif Sadıqov üslubu”, “Vaqif Sadıqov taktikası” və ya “Azərbaycansayağı qol” deyilir.

Dünən “Səbail” klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Universitatya” (Rumıniya) ilə oyununda ilk qolu məhz bu taktika ilə vura bildi. Ağabala Ramazanov moldovalı Yevgeni Koçyukun künc zərbəsindən ötürməsini məhz bu taktikanın sayəsində qola çevirə bildi.

Bəs bu taktiki qolun adı niyə hazırda AFFA İcraiyyə Komitəsinin üzvü olan, AFFA Məşqçilər Komitəsinə rəhbərlik edən Vaqif Sadıqovun adı ilə bağlıdır?

Məsələ burasındadır ki, V.Sadıqov 1993-1995-ci illərdə “Neftçi”ni çalışdırdığı vaxt bu taktikanı məşqdə tətbiq edib. Qol vurmaq üçün tətbiq olunan üç taktiki vəziyyətdən yalnız bu ev tapşırığı daha faydalı olub.

Künc zərbəsi vurmağa hazırlaşan futbolçu əgər “birinci” deməsi sözügedən taktikanın tətbiq olunacağı anlamına gəlir. Ötürmə zamanı ard-arda dayanan iki futbolçu ya topa toxunmur, ya da üstündən tullanır, mərkəzdə dayanmış üçüncü oyunçu isə bunu qola çevirir.

İlk dəfə bu ev tapşırığı 1994-cü ildə “Neftçi” ilə Bərdənin “Pambıqçı” komandaları arasında keçirilən matç zamanı tətbiq olunub. Künc zərbəsini Yunis Hüseynov yerinə yetirib, Bəxtiyar Musayevlə Mirbağır İsayev topa toxunmayıb, cərimə meydançasına daxil olan Yaşar Vahabzadə isə dəqiq zərbə ilə hədəfə çatıb.

Daha sonra bu taktikadan milli komanda səviyyəsində istifadə olunmağa başlanılıb. Lakin əvvəllər bu tapşırıqdan vurmaq istədiyimiz qollar reallaşmayıb. 1994-cü ildə millimiz ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirən zaman İsraillə matçda bu tapşırıq icra edilsə də, gediş qolla nəticələnməyib. 1995-ci ildə Fransaya 0:10 hesabı ilə uduzduğumuz matçda isə Rasim Abışovun bu gedişlə vurduğu zərbəni rəqib qapıçı Bernar Lama dəf edib.

Daha sonra İran, Uels, Almaniya və Monteneqro ilə matçlarda bundan istifadə edilsə də, faydasız olub. Ya futbolçular tələsərək tapşırığı düz icra etməyiblər, ya da rəqib qapıçılar cəld reaksiya veriblər. Ancaq 1997-ci ildə Vaqif Sadıqovun rəhbəri olduğu U-18 millisi Avstriya üzərindəki tarixi qələbədə bu taktika sayəsində qol vurub.

Məhz bundan sonra əsas milli səviyyəsində də bu cür qollar vurmağa başladıq. Əvvəl 1997-ci ildə Türkmənistana, iki il sonra Estoniyaya belə qol vura bildik. Maraqlı burasındadır ki, Estoniyaya vurduğumuz qolu görən Rusiyanın “Krılya Sovetov” klubunun məşqçilər heyəti iki gün sonra bu taktikaya müraciət etdi.

Ən çox bu standart vəziyyətlə qol vuran futbolçumuz isə hazırda “Qarabağ”ın kapitanı olan Rəşad Sadıqovdur. O, 2007-ci ildə “Neftçi” ilə Avstriyanın “Rid”, 2008-ci ildə yeni “ağ-qaralar”la Slovakiyanın “Nitra” komandalarına qol vurub.

Ancaq şübhəsiz ki, onun ən məşhur qolu 2010-cu il oktyabrın 12-də qeydə alınıb. DÇ-2012-nin seçmə mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda millimiz Türkiyə yığmasını qəbul edir. 26-cı dəqiqədə Mahir Şükürovun künc zərbəsindən ötürməsindən sonra Vüqar Nadirov və Rahid Əmirquliyev topu kapitanlarına buraxır. R.Sadıqov isə dəqiq zərbə ilə qapıçı Volkan Dəmirəli məyus edir.

Bu qol güclü Türkiyə üzərində Azərbaycana qələbə qazandırır. Bundan sonra Türkiyə mətbuatında həmin vaxt “Əskişəhərspor”da oynayan R.Sadıqovun “Azərbaycansayağı qol”undan yazılır. Daha sonra R.Sadıqov indi çıxış etdiyi “Qarabağ”la 2016-cı ildə Avropa Liqasının pley-off matçında Bakıda İsveçin “Göteburq” komandasına belə qol vurur.

Vaqif Sadıqovun özü isə bu qolu tək öz adına yazmaq istəmədiyini deyir:

“Getdikcə görürük ki, bu taktikadan məşhur klublar da istifadə edir. Ancaq sevinc hissi keçirirəm. Hərdən görürük ki, dünyada vurulan ən yaxşı qolların “Top 10-luğ”unda bizim künc zərbəsindən də istifadə edilib.

Sevindirici haldır ki, Azərbaycan futbolu ilə bağlı olan künc zərbəsi var. Ən yaxşı hal odur ki, bu taktika “Azərbaycansayağı” adını daşıyır. Deməli, bizdən Avropaya nəsə ötürülüb, Azərbaycan bu taktikanın xeyrini görüb. Bu uğuru heç də öz adıma yazmaq fikrində deyiləm. Düşündüyümüz taktika ilə qolları vuran futbolçuların zəhməti az deyil.

Qolların hamısı gözəl olub. Bəlkə də “Pambıqçı”ya vurduğumuz qol birinci olduğu üçün daha yaddaqalan oldu. Mənim üçün ən vacib qol o idi. Məhz o qoldan sonra biz bu gün istifadə edilən taktikanın üzərində dayandıq. Digər qolları da nəzərdən keçirsək, görərik ki, hər birinin öz yeri var”.

Səbuhi Musayev