BMT Azərbaycanın 2.5 milyard manatlıq dəstək paketini alqışladı

11:00 04-04-2020 485

BMT-nin Azərbaycandakı İdarə Heyəti koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq istiqamətində Azərbaycan Respublikası hökumətinin səylərini təqdir edir və xüsusi karantin rejiminin tətbiqi barədə  çağırışlarını, addımlarını dəstəkləyir.

HerGun.Az-ın məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin bəyanatında bildirilir.

Bununla bərabər, Azərbaycan hökumətinin qlobal səviyyədə keçirilən tədbirlərə töhfəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına beş milyon ABŞ dolları həcmində dəstəyini də xüsusilə qeyd edir.

“Əlbəttə ki, gündəmdəki əsas məsələ ölkə daxilində pandemiya ilə mübarizədir. Evdə qalmaq, sosial məsafəni qorumaq, tez-tez əlləri yumaqla gigiyena qaydalarına riayət etmək, eləcə də, hərarət və uzun müddət davam edən quru öskürək də daxil olmaqla, qripəbənzər simptomlar olduğu təqdirdə 103/113 qaynar xəttinə məlumat verməklə özümüzü, ailələrimizi və ölkəni qorumaq üçün atmalı olduğumuz zəruri addımlardır”, - deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, BMT koronavirus pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün hökumət və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Bundan əlavə, BMT pandemiyanın daha uzunmüddətli sosial-iqtisadi təsirini qiymətləndirmək üçün hökumətlə müzakirələr aparır. Koronavirusun əhaliyə sosial-iqtisadi təsirini azaltmaq məqsədilə 2,5 milyard manat həcmində maliyyə vəsaitinin ayırmasını alqışlayır.

“Yoluxma hallarının erkən müəyyənləşdirilməsi və təcrid olunması, virusa yoluxmuş insanların başqaları ilə kontaktlarının izlənməsi və səhiyyə sisteminin artan tələbata hazırlanması istiqamətində Azərbaycana dəstək verməyə hazırıq.

Əksəriyyəti Azərbaycan vətəndaşı olmaqla, BMT-nin Azərbaycan nümayəndəliyində çalışan hər kəs bu dönəmdə bizdən böyük fədakarlığın tələb olunduğunu qəbul edir. Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik”.