Bu il Bakıda Dünya Kuboku keçirilə bilər

16:00 04-04-2020 387

Mayda Bakıda keçirilməsi planlaşdırılmış, lakin təxirə salınmış paracüdo üzrə Qran-Prinin yeni tarixi bilinib.

HerGun.Az-ın xəbərinə görə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (MPK) “International Blind Sports Federation” (IBSA) ilə müzakirələr aparıb və Qran-Prinin 2021-ci ildə keçiriləcəyi ilə bağlı razılıq əldə edilib.

Razılığa əsasən, turnir Bakıda 2021-ci ilin may ayında keçiriləcək və “Tokio 2020” Yay Paralimpiya Oyunları öncəsi sonuncu təsnifat yarışı olacaq. Eləcə də, IBSA 2020-ci ildə idmançılar üçün yarışların məhdud olmasını və MPK-nin ötən il keçirilmiş Qran-Prini yüksək səviyyədə keçirməsini nəzərə alaraq, bu ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi ilə bağlı Komitəyə müraciət edib. Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.

IBSA MPK-nın paracüdo üzrə Qran-Priyə olan hazırlıqlarını yüksək qiymətləndirib və Komitənin hazırlıq dövründə maliyyə itkiləri ilə üzləşdiyi üçün təəssüf hissini bildirib. Milli Paralimpiya Komitəsi isə öz növbəsində idmançıların və onları müşayiət edən şəxslərin  sağlamlığlarını və təhlükəsizliyini maliyyə itkilərindən daha üstün tutduğunu bildirib.

Səbuhi Musayev