Latviyada yaşayan azərbaycanlı futbolçu: “Belarus çempionatına baxmaqdan bezmişəm”

14:00 07-04-2020 450

“Hazırda mən Liepaya şəhərində yaşayıram. Latviyada çölə çıxanda şəxsiyyət vəsiqəsi göstərmək və ya SMS göndərmək tələb olunmur. Azərbaycanda anam və bacım bu yolla küçəyə çıxdıqlarını deyirlər. Latviyada insanlar işlərinə rahat gedə bilir. Mən dəniz kənarında fərdi şəkildə məşq edirəm.

Latviyada futbol çempionatının nə vaxt başlayacağı isə bilinmir. Bu, mayda da, avqustda da ola bilər. Belarus çempionatına baxmaqdan bezmişəm. Belarusun “Neman”, “Slutsk”, “İsloç” kimi komandalarını artıq tanıyıram. Çempionatımız davam etsəydi, bütün dünya bizə baxardı”.

Bunu HerGun.Az-a Latviyanın “Dauqavpils” klubunun azərbaycanlı futbolçusu Vüqar Əsgərov deyib. Latviya vətəndaşlığı almış millimizin sabiq futbolçusu Baltikyanı ölkədəki koronavirusla bağlı durumu izah etməyə çalışıb:

“Kafelərin yarısı axşam saat 10-dək işləyir. Gecə klubları, kinoteatrlar bağlanıb. Bir həftəyə bizdə bilinəcək ki, sərhədlər açılacaq, ya yox. Aprelin 15-dək bütün sərhədlər bağlanıb. Əsas məsələ sağlamlıqdır. Buna görə yolların açılmasını və çempionatın başlamasını gözləmək olar. Amma eşitmişəm ki, Estoniyada hava limanını açırlar. Çünki qardaşım 10 günə Londondan Estoniya vasitəsilə gəlməlidir. O, Tallinə təyyarə ilə gəldikdən sonra Riqaya avtomobil yolu ilə keçməlidir. Bizim digər Baltikyanı ölkələrlə müqayisədə yaxşı durumda olmağımızın səbəbi sərhədləri tez bağlamağımız oldu”.

Sumqayıt doğumlu 34 yaşlı futbolçu ölkə çempionatının nə vaxt başlayacağı ilə bağlı bunları deyib:

“Komandamıza “Səbail” klubundan icarə əsasında gəlmiş Orxan Qurbanlı da daxil olmaqla, bütün legionerlər evlərinə göndərilib. Rusiya, Ukrayna, Qazaxıstan, Nigeriya və Qanadan olan əcnəbi futbolçular artıq vətənlərindədir. Hazırda hər bir futbolçuya klubdan fərdi məşq proqramı verilib və onun əsasında hazırlaşırıq. Çempionatımızın isə yayda başlayacağı və əvvəlki kimi dörd yox, iki və ya üç dövrə olacağını eşitmişəm”.

Qeyd edək ki, Baltikyanı ölkələr arasında Latviya virusa yoluxma baxımından ən yaxşı durumdadır. Estoniyada 1149 (21-i ölüb), Litvada 880 nəfər (15-i ölüb) koronavirusa yoluxub. Latviyada isə 548 yoluxma və cəmi bir ölüm faktı qeydə alınıb. 

Səbuhi Musayev