Xadimə işlədiyi evdən altı min manatlıq qızıl-zinət əşyaları oğurladı

21:20 09-04-2020 671

Bakının Suraxanı rayonunda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

Bu haqda HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əmircan qəsəbəsində 1963-cü il təvəllüdlü İlqar Aqilli adlı şəxsin mənzilindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaları yoxa çıxıb.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbiri nəticəsində məlum olub ki, oğurluq hadisəsində zərəçəkən şəxsin evində xadimə işləyən Sultanxanım Əliyevanın (1966-cı il təvəllüdlü) iştirakı olub.

Qeyd edək ki, S.Əliyeva əvvəllər də dələduzluq ittihamı ilə həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.

S.Əliyeva saxlanılıb, faktla bağlı cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən gün paytaxtda 22 əmlak oğurluğu qeydə alınıb. Onlardan üçünün üstü açılıb. Həmçinin, əvvəllər baş vermiş 14 oğurluq hadisəsinin üstünü açmaq mümkün olub.

Ramella İbrahimxəlilova