İnternetdə yaranan problemlərlə bağlı güzəşt varmı, vətəndaşa nə təklif olunur? - RƏSMİ

13:40 13-04-2020 1112

Dünyada koronavirus (COVID-19) pandemiyasının yayıldığı bir zamanda bəzi dövlətlərdə internet əlçatanlığı ilə bağlı vətəndaşlara bir sıra güzəştlər edilib. Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar da vətəndaşlara müxtəlif güzəştlər təklif etdilər, TƏBİB-ə zəng etmək isə pulsuz oldu.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda karantin elan olunduğu bir vaxtda internetin daha sürətli və əlçatan olması üçün hansı addımları atır və atacaq? Vətəndaşlara bu məsələdə güzəştlər olunacaqmı?

Koronavirus pandemiyasına görə, çox insan evdədir. Hamı internet xidmətlərindən (telefonlar, planşetlər, komputerlərlə) istifadə edir. İnternetin sürəti, keyfiyyəti azalır. Bu məsələnin həlli yolu varmı?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi HerGun.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən vətəndaşların nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən, internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür:

“Bu məqsədlə tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) və “Aztelekom” MMC koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan olunan xüsusi karantin rejimi dövründə də vətəndaşları telekommunikasiya xidmətləri ilə fasiləsiz, dayanıqlı və keyfiyyətli formada təmin etmək üçün xüsusi iş rejimində fəaliyyətini davam etdirir. 

Məlum olduğu kimi, COVID-19 virusunun yayılması ilə mübarizə çərçivəsində ölkədə, xüsusilə paytaxtda bir çox şirkətlər onlayn rejimdə fəaliyyət göstərir və dərslər onlayn qaydada keçirilir. Bununla əlaqədar geniş zolaqlı şəbəkənin yüklənməsində əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Bəzən seçdiyi xidmətlər və ya evində yerləşdirdiyi paylayıcı qurğular vətəndaşın bu müddət ərzində artan tələblərinə cavab vermir.

Mütəxəssislərimiz istifadəçilərin fasiləsiz və sürətli  internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik tədbirlər həyata keçirirlər. Bununla yanaşı, göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral xətlərə daim nəzarət edilir.

Fəaliyyət göstərən özəl internet provayderlərə həmişə olduğu kimi dəstək verilir. Onlara imkan yaradılır ki, müştərilərinə kəsintisiz internet xidməti göstərsinlər. Vətəndaşların internet xidmətindən istifadə etməsi və xidmətlərə qoşulması üçün bütün imkanlar yaradılır”. 

“Vətəndaşlardan 24/7 fəaliyyət göstərən 155 “Vahid Çağrı Mərkəzi”nə və nazirliyin 1655 nömrəli “Qaynar xətti”nə daxil olan müraciətlər isə anında emal edilərək aidiyyəti struktur bölmələrə yönləndirilir. Eyni zamanda, müraciətlər nazirliyin və qurumların elektron poçt ünvanları və sosial media hesabları vasitəsilə elektron qaydada qəbul olunur. 

İnternet sürətinin artırılması, yeni qoşulma, kabel və xətt zədələnmələri, eləcə də, digər məsələlərlə bağlı daxil olan sorğulara həm növbətçi briqadalar, həm də onlayn iş rejimində çalışan əməkdaşlar operativ şəkildə reaksiya göstərərək, sorğuların emalını və icrasını həyata keçirməkdədir. 

Qeyd olunanlardan əlavə, güzəştlərin tətbiqi və digər məsələlərlə bağlı yeniliklər olduğu halda ictimaiyyət bu barədə media vasitəsi ilə məlumatlandırılacaq”, - deyə qurumdan bildirilib.

İlhamə Əbülfət