Amerikalılar virtual sidik testi toplamağa başladı

11:20 17-04-2020 488

ABŞ Anti-Dopinq Agentliyi (USADA) virtual olaraq idmançılardan test götürməyə başlayıb.

HerGun.Az xəbər verir ki, bunun üçün 15 idmançı könüllü olaraq video-konfransa qatılıb.

Onların arasında qaçış üzrə ötən ilin ikiqat dünya çempionu Noa Layls və üzgüçülük üzrə beşqat Olimpiya çempionu Keti Ledetski də var.

İdmançılar qan vermələrini videoya çəkib. Sidik üçün isə bu prosedur tələb olunmayıb.

Atlet USADA-nın nümayəndəsinə sidik nümunəsi verməzdən əvvəl vanna otağının içərisini telefonu və ya noutbuku vasitəsilə göstərməlidir.

USADA-nın baş icraçı direktoru Trevis Tiqartın sözlərinə görə, sidik nümunəsi toplanması üçün idmançıya vaxt verilir. Sonra idmançı həmin sidik nümunəsinin temperatur monitor vasitəsilə bədən hərarətinə uyğun olduğunu sübut etməlidir.

Bundan sonra atlet nümunəni möhürləyir və WADA (Ümumdünya Anti-Dopinq Agentliyi) tərəfindən akkreditə olunmuş laboratoriyaya analiz olunması üçün göndərir.

Səbuhi Musayev