Yayılmasının qarşısı alınan yeddi yoluxucu xəstəlik

08:40 18-04-2020 28

Alimlər və  həkimlər hər gün dünya üzrə xeyli can alan koronavirusa qarşı peyvənd və ya müalicə yolu tapmaq üçün mübarizə aparırlar.

Lakin xatırladaq ki, bu,  tarixdə ilk epidemiya deyil və bəşəriyyət bir zamanlar müalicəsi qeyri-mümkün hesab olunan bir çox xəstəliklərin öhdəsindən gəlib. Beləliklə, üzərində qələbə çalınan bəzi yoluxucu xəstəlikləri təqdim edirik:

Çiçək

Çiçək ən qorxulu xəstəliklərdən biridir. Xəstə tamamilə yaralarla  örtülürdü və bu xəstəlikdən ölüm nisbəti çox yüksək idi. Virusa  yalnız hava-damcı yolu ilə deyil, həm də yoluxmuş insanın paltarı və  qabına  toxunmaqla da yoluxmaq olurdu. İnsan sağaldıqda belə, onun bədənində çapıqlar qalırdı, ən ağır hallarda isə kor olurdu.

Çiçəyə qarşı  peyvənd XVIII əsrdə həkim Edvard Cenner  tərəfindən ixtira olunmuşdu. O, sağıcı qadınların bu xəstəliyə yoluxmadığına fikir verib və qərara gəlib ki, onlar inək çiçəyinə yoluxurdular və bu zaman immunitet yarandığı üçün xəstəliyi yüngül keçirirdilər.

Lakin yalnız XX əsrin ikinci yarısında xəstəliyə tam qalib gəlmək mümkün olub. Hazırda çiçək virusuna təbiətdə rəst gəlinmir, o, yalnız laboratoriyalarda saxlanılıb.

Poliomielit

Poliomielit onurğa beyninin boz maddəsinə təsir edən və bu yolla da sinir sisteminin patologiyalarına və onurğa beyninin iflicinə gətirib çıxaran yoluxucu xəstəlikdir.

Bu xəstəliyə minlərlə uşaq yoluxurdu. Skandinaviya ölkələrində və  Amerikada kütləvi yoluxma halları müşahidə edilirdi. XX əsrin ortalarında poliomielit xəstəliyinin geniş yayılması bir çox ölkələr üçün əsl fəlakətə çevrildi. Lakin uşaqların peyvənd edilməsi xəstəliyin, demək olar, tamamilə aradan qaldırılmasına gətirib çıxardı.

Poliomielitə qarşı peyvənd Amerika alimləri Conas Solk, Hilari Koprovski və Albert Seybin tərəfindən hazırlanmışdı.

Drakunkulyoz

Drakunkulyoza Qvineya qurdu da adlandırılan rişt qurdları səbəb olur. İnsan bu qurda şirin su xərçəngini yeyən zaman yoluxa bilər, bundan sonra qurd mədə-bağırsaq sisteminə daxil olur. Nəticədə, dəri qızarır, qaşınır və suluqlar əmələ gəlir. Ən ağır formalarında isə ürək-damar xəstəlikləri, qanqrena, infeksiya müşahidə olunur.

İlk növbədə, infeksiya antisanitar şəraitdə yaranır. Hazırda Afrika ölkələrində – Çad, Efiopiya, Cənubi Sudanda xəstəlik mövcuddur. Drakunkulyoza qarşı peyvənd yoxdur, lakin xəstəni paraziti onun bədənindən mexaniki çıxarmaqla və bundan sonra antibiotiklər və digər tibbi preparatlardan istifadə etməklə müalicə etmək olur.

Frambeziya

Frambeziya inkişaf etmiş ölkələrdə müşahidə olunmur. Çünki onun yayılmasının əsas səbəbi pis sanitar şəraitdir.

İnfeksiya insanın dərisinə təsir edir və bu xəstəlikdən əsasən uşaqlar əziyyət çəkirlər. Bədəndə şişkinliklər yaranır, sonra isə onlar yaralara çevrilirlər. Yoluxma fikizi təmas nəticəsində baş verə bilər.

Xəstəliyin müalicəsində vacib məqam şəxsi gigiyena qaydalarına riayət etməkdir. Frambeziya antibiotiklərin vasitəsilə müalicə olunur.

Qızılca

Bu, olduqca yoluxucu xəstəlikdir. Bu zaman ağız boşluğunun selikli qişasının və tənəffüz yollarının iltihabı, yüksək hərarət müşahidə olunur. Qızılcaya yoluxan insanların bədənində səpki yaranır.  Virus hava-damcı yolu ilə ötürülür.

Hazırda inkişaf ölkələrdə qızılcaya qarşı kütləvi peyvəndləmə həyata keçirilir.  

Tetanus

Tetanus insanın sinir sisteminə təsir edən təhlükəli virus xəstəliyidir. Bu zaman əzələlərin güclü qıcolmaları baş verir.

Bu xəstəlik barədə hələ Qədim Misir, Yunanıstan, Hindistan və Çində yazırdılar. Xəstəliyin elmi tədqiqatına XIX əsrdə başlanılıb. 1923-cü ildə fransız immunoloq Q.Ramon xəstəliyin qarşısının alınması üçün tətbiq olunan anatoksin əldə edib.

Tetanus əsasən iqlimi isti  və rütubətli olan ölkələrdə müşahidə olunur.

Fil xəstəliyi

Bu xəstəlik zamanı insanın ətraflarının dərisi qalınlaşaraq böyüyür. Bu isə limfaların şişməsinə və tıxanmasına gətirib çıxarır. Xəstəliyin səbəbkarı isti iqlimdə yaşayan parazitdir. Buna görə də, bu xəstəlik əsasən Afrika ölkələrində yayılıb.

2015-ci il 5 oktyabrda bu infeksiyanın müalicəsi üçün preparatların kəşfinə görə Satosi Omura Uilyam Kempbell ilə birlikdə Nobel mukafatına layiq görülüblər.