Yılmaz Vural: “Azərbaycan millisinə xarici məşqçi gətirməyin”

13:00 20-04-2020 395

“Təklif gələrsə, Azərbaycanda işləməyə hazıram. Bu, baş məşqçi kimi də ola bilər, başqa bir iş də. Təcrübəmi yerli həmkarlarımla bölüşməyə hazıram”.

HerGun.Az xəbər verir ki, bunu Türkiyənin məşhur futbol mütəxəssislərindən olan Yılmaz Vural deyib.

Türkiyənin I divizion klubu “Akhisarspor”un baş məşqçisi bunları “İdman TV”yə telefon bağlantısında deyib. 67 yaşlı məşqçi vaxtilə Azərbaycan millisində çalışmaq imkanı olduğunu bildirib:

“Azərbaycan milli komandasının baş məşqçisi olmağa yaxın idim, danışıqlar olmuşdu. Ancaq sonra AFFA rəsmiləri Robert Prosineçkini seçdilər.

Məncə, təcrübələrimə ehtiyac var. Gənc məşqçilərin dünya futboluna öyrəşməsini təmin etmək və buna uyğun gənc məşqçilər yetişdirmək lazımdır. Federasiyanız bunu etməlidir.

Milli komandaya xarici məşqçi gətirməyin. Azərbaycan millisini yerli məşqçi çalışdırmalıdır. Bir ölkənin millisinin uğurlu olması üçün baş məşqçinin mentaliteti bilməsi, oyunçuları tanıması lazımdır. Mən Azərbaycan üçün özümü yad saymıram. Eyni dildə danışırıq. Futbolda texnika-taktika ilə yanaşı, bir də mənəvi amil var”.

Qeyd edək ki, Azərbaycanın futbol millisində baş məşqçi postu hələ də boşdur.

Səbuhi Musayev