Gülməmmədov və polis generalı Əzimovun hesabatı hələ “gözləmədədir”

12:40 22-04-2020 540

Milli Məclisin komitə və plenar iclaslarında iki qurumun hesabatı dinlənilməyib.

HerGun.Az-ın məlumatına görə, Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti barədə hesabat hələ parlamentə daxil olmayıb.

Bildirək ki, Hesablama Palatası öz işi barədə Milli Məclisə ildə iki dəfə - yaz sessiyasında, aprelin 15-dən gec olmayaraq və payız sessiyasında, oktyabrın 15-dən gec olmayaraq, hesabat verir.

Hesablama Palatasının hesabatını qurumun sədri Vüqar Gülməmmədov təqdim edir.

Bundan başqa, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun 2019-cu il üzrə məruzəsi müzakirəyə çıxarılmayıb.

Qeyd edək ki, həmin hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edəcək.

Bu, S.Əzimovun yeni vəzifədə ilk hesabatıdır.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı dinlənilib.

Həmçinin, bələdiyyələrin ötənilki fəaliyyəti haqqında məruzə edilib.

Aprelin 24-də Milli Məclisin iclasında Ombudsmanın illik məruzəsi təqdim olunacaq.

Ombudsmanın hesabatı parlamentin İnsan hüquqları komitəsinin aprelin 21-də keçirilmiş iclasında müzakirəyə çıxarılıb.

Aqşin Kərimov