Tanınmış idmançımız: “Elxan Elatlının kitabları şablondur, Çingiz Abdullayev isə...” - MÜSAHİBƏ

13:20 23-04-2020 429

Yunan-Roma güləşi üzrə I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının qalibi, dünya və Avropa çempionatlarının mükafatçısı Elvin Mürsəliyev HerGun.Az saytına müsahibə verib:

- Karantin günlərində nə edirsiniz?

- Mərdəkanda yerləşən Polis Akademiyasında işləyirəm. Gənc əməkdaşların fiziki hazırlığına nəzarət edirəm. Ordakı zalda məşq edirəm. Karantinə görə iş az olduğu üçün Mərdəkana çox getmirəm. Amma evdə fərdi şəkildə məşq etməyə çalışıram.

- Başqa nə işlə məşğulsunuz?

- Karantin rejimi ürəyimdən olub, bütün günü kitab oxuyuram. Polis leytenantı olduğum üçün detektiv kitabları oxumağı sevirəm. Çingiz Abdullayev və Aqata Kristinin kitablarını oxuyuram.

- Elxan Elatlının kitablarını oxuyursunuz?

- Elxan Elatlının bütün kitablarını karantindən qabaq oxumuşam. Onu da bəyənirəm. Amma onun kitabları bir az şablondur. Çingiz Abdullayevlə Aqata Kristi isə tamam başqa cür yazır.

- İdmançıların çoxu “PlayStation” oynayır. Bəs siz?

- Evdə varımdır. Amma onu oynamağa o qədər də həvəsim yoxdur. Arada futbol oynayıram və maşın sürürəm.

- Avqustun 17-də 32 yaşınız olacaq. Təxminən sizinlə yaşıd olan sərbəst güləşçilərdən Hacı Əliyevlə Cəbrayıl Həsənov karyeralarını Olimpiadadan sonra bitirəcəklərini açıqlamışdı. Olimpiada olsaydı, siz də bu addımı atacaqdınız?

- Olimpiadada yaxşı nəticə qazansaydım, bitirəcəkdim. Amma indi deyirik ki, bitirəcəyik, sonra güləşə “ac olacağıq”. Ona görə dəqiq söz demək olmur. Çünki mən bu yaxınlarda zədələnmişdim, üç ay güləş döşəyində məşq etmirdim. İnsan ac olanda qabağına nə qoyursansa, yeyir. Bax mən də elə idim. Çatanı döşəkdə yıxmaq istəyirdim, çox həvəsli idim. Güləşi dərhal atmaq adama ağır gəlir. 15-20 il güləşlə məşğul olub, sonra bu idmanı atmaq çox çətindir.

- Son vaxtlar yığmaya düşməməyiniz zədəyə görə idi?

- Bəli.

- Təxirə salınmasaydı, martda Paris, mayda Sofiyadakı lisenziya turnirlərinə getməliydiniz?

- Bu dəqiq planlaşdırılmamışdı. Çünki baş məşqçimiz Aleksandr Tarakanov məni respublika çempionatından sonra beynəlxalq yarışa yazmışdı ki, yoxlasın. Elə oldu ki, bel və boyun nahiyəmdən zədə aldım və müalicəyə getdim. Qismətimdən Olimpiada da təxirə salındı. Elə bil, Allah tərəfindən mənə hədiyyə oldu ki, 2021-ci ilə yaxşı hazırlaşım. Ona görə də Olimpiadanın təxirə salınması ürəyimdən oldu.

Səbuhi Musayev