Bu birlik Moskvaya meydan oxumaqdır!

17:20 24-04-2020 515

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin möhtəşəm hərbi qətiyyəti sayəsində 2016-cı ilin Aprel ayında Ermənistana elə zərbə vurub ki, bu işğalçı ölkə siyasi düzənini hələ də nizama sala bilmir.

Azərbaycanın uğurlu və öldürücü Aprel zəfəri 4 ildir ki, Ermənistanın siyasi konfiqurasiyasını da darmadağın edib və hər ilin aprel ayı bu bədnam ölkə üçün sanki bir “qisas” ayına çevrilir.

Saraydaxili və sarayxarici intriqalar, orduda, hərb sistemində, məhkəmə və qanunverici hakimiyyətdə səngiməyən siyasi-fiziki gərginliklər rəsmi İrəvanın öz yolunu azdığını göstərir. Xüsusilə də Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra 2 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nizamlama prosesində ard-arda uğursuzluqlar Ermənistanda siyasi böhranı dərinləşdirməkdədir.

Münaqişənin sülh yolu ilə həllində Azərbaycanın qətiyyətli hücum diplomatiyası qarşısında məğlub olan Paşinyanın siyasi komandası vəziyyətdən çıxmaq üçün açıq təxribatlara əl atır, sülh danışıqlarını pozmağa çalışır. İşğalçı ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın bu günlərdə ziddiyətli fikirləri də məhz bu uğursuz siyasətin, məğlubiyyətin qarşılığında növbəti təxribatdır.

Siyasi-hərbi situasiya ondan ibarətdir ki, erməni iqtidarı sülh masası ətrafinda hər zaman layiqli dərsini alır və bundan sonra qıcıq effekti doğuran sərsəm bəyanatlar səsləndirir. Bu yarıtmaz hakimiyyətin başçısı Paşinyan dəfələrlə küçə təfəkkürü və davranışı ilə mötəbər beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun və digər nizamlayıcı dövlətlərin danışıqlar masası ətrafında rüsvay olub. Bu şizofrenik lider bir neçə dəfə sülh danışıqlarından qaçmağa çalışsa, Dağlıq Qarabağın tərəf kimi təmsil olunmasına cəhdlər etsə də, Prezident İlham Əliyevin sərrast və kəskin mövqeyindən sonra quzu kimi masaya əyləşibdir. Kiminlə bir masa arxasında əyləşdiyinin fərqinə varıbdır.

2018-ci və 2019-cu ildə Azərbaycan Prezidenti ilə bir neçə dəfə görüş zamanı Nikol Paşinyanın layiqli dərsini alıbdır. Soçidəki Valday zərbəsindən acınacaqlı vəziyyətə düşən Ermənistanın baş naziri öz ölkəsinin ictimai-siyasi dairələrində, mediada siyasi savadsızlığına, bacarıqsızlığına görə, kəskin tənqid olunub.

Azərbaycan Prezidentinin nöbvəti dəfə Aşqabadda iltümatuma bərabər çıxışı qarşısında rüsvay olan Paşinyan İlham Əliyevlə üzbəüz görüşlərə cəsarət etmədi, xəlvəti yerlərdə Azərbaycanın əleyhinə şüarlar səsləndirdi. Münhen Təhlükəsizlk Konfransında dili-dodağı səyriyən və rabitəsiz və sərsəm fikirlər söyləyən Paşinyan aciz və qorxaqlığını dünaya nümayiş etdirdi. Bu, həqiqətən Ermənistanın siyasi obrazıdır.

Və Zöhrab Mnatsakanyanın sərsəm bəyanatı da Paşınyanın təkrarladığı uğursuz gedişlərin növbəti frazasıdır, köhnəlmiş təxribatdır. Sülh danışıqlarının pozulmasına cəhddir. Münaqişənin sülh yolu ilə nizamnlanmasında prinsipial mövqeyini bəyan edən Moskvanın planlarına qarşı çıxmaqdır.

Yada salmaq yerinə düşərdi ki, Nikol Paşinyan də dəfələrlə Rusiyanın vasitəsçiliyi ilə təşkil edilən görüşlərdə ziddiyyətli açıqlamalar veribdir və Moskvaya qarşı meydan oxumaq cəhdlərinə görə, cavabını alıb. Ermənistanın baş naziri istər Minsk qrupu çərçivəsində, istərsə də Rusiyanın təşəbbüsü ilə keçirilən danışıqlarda qeyri-ciddi siyasətçi kimi qəbul olunur. Rusiya Prezidenti Vladimir Putinin hər görüşdə siyasi davranışı və yanaşması ilə onu siyasətçi kimi qəbul etmədiyini, qeyri-ciddi, avantürüst hesab etdiyini təsdiqləyir. Paşinyan və Mnatsakanyan dəfələrlə bu cür davranışlarına görə, Kremldə təxribatçı kimi qarşılanıb.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun aprelin 21-də keçirilən video-konfrans zamanı bəyan etdiyi kimi Mnatsakanyanın açıqlamaları növbəti təxribatdır. Mnatsakanyanın bu isterik durumu həm də bir neçə gün əvvəl Dağlıq Qarabağda keçirilən qondarma “prezident” seçkilərinə beynəlxalq təşkilatların açıq sərt reaksiaysından doğan qisasın təzahürüdür.

Ermənistanın xarici işlər naziri Qarabağdakı qanunsuz xunta rejiminin heç kim tərəfindən tanınmadığından dərin qəzəb və kinini biruzə verdi. Mnatsakanyan beynəlxalq təşkilatların sülhyaratma prosesində qətiyyətli dönməz mövqeyini bəyan etdiyinə və Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə, cırnayan uşaq kimi təxribatçı hərəkətlərə əl atdı.

Məsələ ondadır ki, Ermənistan bu cür “əzələ nümayiş etdirsə” də, Azərbaycanın hərbi gücünü işə saldığı zaman təşviş və sarsıntı içində beynəlxalq birlikdən, Minsk qrupundan, vasitəçi ölkə olan Rusiyadan kömək istəyir, darmadağın planını irəlilədən Azərbaycanın hərbi əməliyyatları dayandırmasını yalvarır.

Paşinyan rejimi deyəsən, həqiqətən yolunu azıb, əvvəlki hökumətin faciəsini unudub, başa düşmür ki, 4 il əvvəl Sarkisyan hökuməti Rusiyanın ayağına düşüb müharibənin dayandırılmasını yalvarırdı. İndi Kremlin bəyanatlarını qulaqardına vuran Paşinyan anlamalıdır ki, təxribatları dayandırmadığı halda Aprel hadisələri təkrarlana bilər. Ermənistan hakimiyyəti anlamır ki, Azərbaycanın səbrinin həddi var. Azərbaycan dövləti və xalqı hərbi yolla olsa da, Qarabağın işğaldan azad edilməsinə nail olacaq.