“Avroviziya” təmsilçilərimizdən yeni layihə - VİDEO

01:40 30-04-2020 614

“Avroviziya” təmsilçilərimiz Diana Hacıyeva və Elnur Hüseynov sosial şəbəkələrdə anons etdikləri yeni layihələrini tamaşaçılara təqdim ediblər.

HerGun.Az xəbər verir ki, gənc, istedadlı və peşəkar ifaçılar SSRİ-nin Xalq artisti mərhum Şövkət Ələkbərovanın repertuarında yer alan, sözləri Zeynal Cəbbarzadəyə, musiqisi isə Tofiq Quliyeva məxsus olan “Qəmgin mahnı”nı duet şəklində lentə alaraq, ekran həyatı veriblər.

Fərqli və özünəməxsus şəkildə musiqi improvizələri ilə dinləyicilərin zövqlərini oxşayan Diana ilə Elnur bəstəyə bənzərsiz səsləri ilə xüsusi rəng qatıblar. Bəstə məşhur musiqiçi İfsar Sarabski tərəfindən aranjiman olunub.

Sözügedən layihənin posteri isə izləyicilərin marağına səbən olub. E.Hüseynov ilə D.Hacıyevanın biri-birinə sarılmış haldakı yarıçılpaq fotosu sosial media əhli tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Elnur Hüseynov 2008 və 2015-ci, Diana Hacıyeva isə 2017-ci ildə Azərbaycanı “Avroviziya” beynalxalq mahnı yarışmasında uğurla təmsil edib.

Rəşad Əliyev